Azərbaycan Ordusunun zabiti Ramil Səfərov azadlığa buraxılıb

Ramil-SeferovAzərbaycan prezidenti İlham Əliyev Ramil Səfərovun əfv olunması barədə sərəncam imzalayıb. APA-nın xəbərinə görə, sərəncamda bildirilir ki, 1977-ci ildə anadan olmuş, Macarıstanın Budapeşt Paytaxt Məhkəməsinin 2006-cı il 13 aprel tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Azərbaycan Respublikasının vətəndaşı Səfərov Ramil Sahib oğlu cəza çəkməkdən azad edilib. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Qeyd edək ki, bu gün Azərbaycanın Macarıstanda həbsdə olan zabiti Ramil Səfərov Bakıya ekstradisiya olunub. Ramil Səfərov 25 avqust 1977-ci ildə Cəbrayıl rayonunda doğulub. 1991-ci ildə Cəmşid Naxçıvanski adına hərbi təmayüllü məktəbə daxil olub. 1992-ci ilin sentyabrında Azərbaycan Müdafiə Nazirliyinin sərəncamı ilə təhsilini davam etdirmək üçün Türkiyənin İzmir şəhərinə göndərilib. Maltəpə hərbi liseyini müvəffəqiyyətlə bitirdikdən sonra Ankara Ali Hərbi məktəbinə daxil olub və hərbi təlim kursları keçib. 2001-ci ilin may ayından 2002-ci ilin mart ayına qədər MN-in sərəncamı ilə Gədəbəydəki “N” saylı hərbi hissədə tağım komandiri vəzifəsində qulluq edib. 2002-ci ilin mart ayında MN-in sərəncamı ilə H. Əliyev adına AHKM-ə göndərilib. Qulluq etdiyi müddətdə baş leytenant rütbəsinə qədər yüksəlib. 2004-cü ilin yanvar ayında MN-in sərəncamı ilə NATO proqramları çərçivəsində Macarıstanın Budapeşt şəhərində keçirilən 3 aylıq ingilis dili kurslarına ezam olunub.

Vətənə dönməyə 20 gün qalmış – fevral ayının 19-da kurslarda iştirak edən Qurqen Markaryan adlı erməni zabitini qətlə yetirib. Elə həmin tarixdə Budapeştin hüquq-mühafizə orqanları tərəfindən həbs olunub. Budapeşt Şəhər Məhkəməsinin 13 aprel 2006-cı il tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum edilib.

APA-ya açıqlamasında bu olaydan çox şad olduğunu, fikirlərini ifadə etməyə çətinlik çəkdiyini söyləyən R.Səfərov başda Azərbaycan prezidenti, Ali Baş komandan İlham Əliyev olmaqla hər kəsə təşəkkür edib: “Bu, ədalətin bərpasıdır. Bu mənim üçün bir az gözlənilməz oldu. İndi ətrafımda həddən artıq çoxlu sayda insan var. Ümidvaram ki, daha sonra suallarınıza ətraflı cavab verə biləcəyəm”.

“ELS” Müstəqil Araşdırmalar Mərkəzi Azərbaycan xalqını bu qələbə ilə təbrik edir.

31.08.2012