Azərbaycan müəllimlərinin XV qurultayı öz işinə başlayıb

Bakı Konqres Mərkəzində Azərbaycan müəllimlərinin XV qurultayı keçirilir. Trend-in məlumatına görə, qurultay Azərbaycan Respublikasının Dövlət himninin səslənməsi ilə başlayıb. Tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin, Vətənimizin müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin və Azərbaycan müəllimlərinin 14-cü qurultayından ötən dövr ərzində vəfat etmiş təhsil işçilərinin əziz ruhlarını bir dəqiqəlik sükutla yad ediblər.

XV qurultayda Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, Baş nazirin müavini Əli Əhmədov, Milli Məclis sədrinin müavini Bahar Muradova, təhsil naziri Ceyhun Bayramov, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov, McKinsey şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Kadir Sinan Köksoy, millət vəkilləri, media qurumlarının rəhbərləri, təhsil ekspertləri iştirak edirlər.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qurultay iştirakçılarına ünvanlanmış təbrik məktubunu Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva oxuyub.

Təhsil naziri Ceyhun Bayramov iştirakçıları salamlayaraq Azərbaycan müəllimlərinin XV qurultayının işinə uğurlar arzulayıb. Təhsil naziri hesabat məruzəsi ilə çıxış edib.

Qurultaya ümumi təhsil, orta ixtisas və peşə təhsili müəssisələrindən 1400-ə yaxın, ali təhsil müəssisələrindən isə 200-dən artıq nümayəndə qatılıb.

Qeyd edək ki, Azərbaycan müəllimlərinin ilk qurultayı 1906-cı ildə keçirilib. Qurultay ənənəvi olaraq 5 ildən bir keçirilir. Müstəqillik dövründə Azərbaycan müəllimlərinin 4 qurultayı keçirilib. Bu il keçirilən qurultay Azərbaycan müəllimlərinin sayca 15-ci, müstəqillik dövründə 5-ci qurultayıdır.

28.11.2018