Azərbaycan Milli Musiqi Gününü qeyd edir

Uzeyir-Hacibeyov-MusiqiMilli Musiqi Günü ilə əlaqədar mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və ölkənin mədəniyyət xadimləri Fəxri Xiyabanda görkəmli siyasət və mədəniyyət xadimlərinin məzarlarını ziyarət ediblər. Lent.az-ın məlumatına görə, Ə.Qarayev artıq 13 ildir qeyd edilən Milli Musiqi Gününün dahi bəstəkarlar Üzeyir Hacıbəyov və Müslüm Maqomayevin doğum günü ilə bağlı olduğunu deyib: “1995-ci ildə Heydər Əliyevin sərəncamı ilə Musiqi Günü dövlət səviyyəsinə qeyd edilməyə başladı. Həmin vaxtdan hər il musiqi ocaqlarında Üzeyir gününə həsr olunan tədbirlər keçirilir, bəstəkarın musiqiləri səsləndirilir”.  Nazir onu da deyib ki, artıq bu ildən Azərbaycanın bütün musiqi məktəblərində “Üzeyir dərsi” tədris olunacaq və bununla bağlı Təhsil Nazirliyi ilə danışıqlar aparılıb. Qeyd edək ki, Milli Musiqi Gününə həsr olunan tədbirlər davam edir. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında IV Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib. Beynəlxalq Musiqi Festivalının açılışına Ü. Hacıbəylinin “Arşın mal alan” musiqili komediyası ilə başlanıb. Səhnə əsərinin dirijoru Cavanşir Cəfərov, solistlər Fərid Əliyev, Afaq Abbasova, Şahlar Quliyev, Gülyaz Məmmədova, Fidan Hacıyeva, Ələkbər Əliyev, Telman Əliyevdir.

Bakı Musiqi Akademiyasının qarşısında Üzeyir Musiqi Gününün təntənəli açılış mərasimi keçiriləcək. Tədbirdə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin, Dövlət Xor Kapellasının və Müdafiə Nazirliyinin Nümunəvi Hərbi Orkestrinin iştirakı ilə konsert-proqramı təşkil olunacaq. Bundan başqa, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Azərbaycan bəstəkarlıq məktəbinin 100 illiyinə həsr olunmuş elmi-praktik konfrans, Ü.Hacıbəyovun ev-muzeyində bəstəkara həsr olunmuş tədbir keçiriləcək. Həmçinin, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı Ü.Hacıbəyovun “Koroğlu” tamaşası, Musiqili Komediya Teatrı “O olmasın, bu olsun” tamaşaları ilə yeni teatr mövsümünü açacaqlar.

18.09.2013