Azərbaycan Milli Məclisi Avropa Parlamentinə bəyanat ünvanlayıb

Milli_Meclis_2Azərbaycan Milli Məclisi (MM) Avropa Parlamentinin sentyabrın 18-də Azərbaycanla bağlı qəbul etdiyi qətnaməyə cavab olaraq bəyanat qəbul edib. APA-nın məlumatına görə, parlamentin bu gün keçirilən plenar iclasında bəyanatı deputat Məlahət İbrahimqızı oxuyub. Bəyanatda bildirilir ki, bu qətnamə qərəzli xarakter daşıyır və qeyri-obyektivdir: “Həbsdə və ya istintaq altında olan şəxslərin məhkəmə olmadan azad edilməsi şərtləri hörmət prinsipi ilə bir araya sığmır.

Azərbaycanda söz azadlığının pozulmasından söhbət belə gedə bilməz. Ölkədə heç kim tərəfindən və heç nə ilə məhdudlaşdırılmayan İnternet şəbəkəsi mövcuddur. QHT-lərin fəaliyyətinə hər cür şərait yaradılıb və son illərdə ölkədə onların sayı 4 minə çatıb. Milli Məclis üzvləri təəssüflə qeyd edirlər ki, qətnamədəki faktlar dəqiqləşdirilmədən yayılıb. Əlbəttə, Azərbaycanda hər şey tam qaydasında deyil, insan haqlarının pozulması faktları var. Lakin bunlar sistemli xarakter almayıb”.

Bildirilib ki, Azərbaycan parlamenti bu qətnaməni Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığa zidd olan, hüquq qaydasını şübhə altına alan, dövlətin beynəlxalq imicinə zərər vuran əməl kimi qiymətləndirir: “Əgər bu cür münasibət davam edəcəksə, Azərbaycan Avropa Parlamenti və Avronest ilə əməkdaşlığın zərurilik məsələsini bir daha müzakirə etmək məcburiyyətində qalacaq”.

Bəyanat səsə qoyularaq qəbul edilib.

1.10.2014