Azərbaycan ictimaiyyəti ulu öndər Heydər Əliyevin xatirəsini yad edir

Azərbaycan ictimaiyyəti dekabrın 12-də ümummilli lider Heydər Əliyevin vəfatının 15-ci ildönümündə Fəxri xiyabanı ziyarət edir. Trend-in məlumatına görə, gün ərzində ulu öndərin məzarını ictimai xadimlər, ziyalılar, hökumət rəsmiləri və parlament nümayəndələri də ziyarət edəcəklər.

Azərbaycanın tarixi və taleyi Heydər Əliyevin adı ilə qırılmaz tellərlə bağlıdır. Bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş məhz onun adı ilə bağlıdır.

Heydər Əliyev rəhbərlik etdiyi bu dövr ərzində daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarıb.

O, böyük siyasi və dövlət xadimi, xalqın şəriksiz lideri olaraq hələ sağlığında canlı əfsanəyə çevrilib, buna görə də Heydər Əliyev fenomeni həmişə diqqətləri cəlb edib, dünya azərbaycanlılarının ümummilli liderinin heyranlıq doğuracaq dərəcədə coşğun siyasi fəaliyyəti istər ölkə, istərsə də dünya mətbuatında geniş işıqlandırılıb.

Azərbaycan xalqı öz milli dövlətçiliyinin dağılmaq təhlükəsi qarşısında qaldığını gördüyü və artıq ən ağır günlərini yaşadığı bir zamanda – 1993-cü ilin iyununda mövcud hakimiyyətin dəyişilməsini təkidlə tələb edib və həmin vaxtdan taleyini yenə Heydər Əliyevə etibar edib. Xalqının dar gündə qaldığını görüb onun təkidli dəvətini qəbul edən Heydər Əliyev Azərbaycanda yenidən böyük siyasətə qayıdıb. Xalq Heydər Əliyevin bu qayıdışını ümid və sevinclə qarşılayaraq, həmin günü Milli Qurtuluş Günü kimi müstəqil Azərbaycanın tarixinə yazıb.

Heydər Əliyev bir çox dövlət orden və medallara, beynəlxalq mükafatlara layiq görülüb, müxtəlif ölkələrin universitetlərinin fəxri doktoru seçilib.

Heydər Əliyev beş dəfə “Lenin” ordeni, “Qırmızı Ulduz” ordeni və çoxlu medallarla təltif edilib, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adını alıb, bir çox xarici dövlətlərin orden və medalları ilə təltif olunub.

12.12.2018