Azərbaycan ictimaiyyəti dövlət başçısına müraciət etdi

Agabaci_Rizayev_100ilİyunun 8-də Azərbaycan milli musiqisinin inkişafında mühüm xidmətləri olan, Azərbaycanın ilk qadın bəstəkarı Ağabacı Rzayevanın 100 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsi xahişi ilə Prezident İlham Əliyevə müraciət göndərilib.

Prezidentə müraciət iyunun 6-da “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin təşkil etdiyi “Uşaq mahnıları: dünəni, bu günü, sabahı” mövzusunda keçirdiyi Dəyirmi masada ölkənin tanınmış incəsənət xadimləri tərəfindən qəbul olunmuşdur.

Müraciətdə deyilir ki, 2012-ci ildə anadan olmasının 100 ili tamam olan Azərbaycan musiqisinin görkəmli nümayəndəsi, dahi Üzeyir Hacıbəyovun ilk qadın tələbəsi, əməkdar incəsənət xadimi Ağabacı Rzayeva həm Azərbaycanda, həm də bütün Şərqdə peşəkar musiqi təhsili almış ilk qadın-bəstəkardır. Zəngin yaradıcılığında klassik və müasir şairlərimizin, aşıqların, o cümlədən, Nizami, Nəsimi, Füzuli, M.Ş.Vazeh, M.Ə.Sabir, Aşıq Hüseyn, N.Rəfibəyli, M.Rahim, Z.Cabbarzadə, Z.Xəlil, M.Dilbazi, T.Elçin, M.Araz və başqalarının sənət əsərlərinə mahnı və romanslar bəstələmiş bəstəkarın eyni zamanda ata-anaların gözlərini sevincdən yaşardan “Evimizə gəlin gəlir”, “Oxuma gözəl”, “Çoban Qara”, “Yağış yağır”, “Toy mahnısı”, balaca qızların gözləri qarşısında şirin və möcüzəli bir aləm açan “Kukla”, gözəl musiqisi ilə yaddaşlarda həkk olunan “Qaranquş”, “Ağ göyərçinim”, “Sabahın ustaları”, “Balaca kapitan”, “Qərənfiləm mən” və s. əsərləri bu gün milli mədəniyyətimizdə layiqli yer tutur. Xalq çalğı alətləri orkestrinin tərkibinə klarnet alətinin salınması da Ağabacı Rzayevanın adı ilə bağlıdır.

Qeyd edək ki, Ağabacı Rzayeva ölkəmizin içtimai həyatında da fəal iştirak etmiş, dəfələrlə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmiş, 2 dəfə “Qırmızı Əmək Bayrağı” ordeni, “Şərəf nişanı” ordeni, əməkdar incəsənət xadimi fəxri adı, müxtəlif medallarla təltif olunmuşdur.

Agabaci_Rizayev_100il-3 Agabaci_Rizayev_100il-2

8.06.2012