Avropa Parlamenti Azərbaycana qarşı qətnamə qəbul edib

Avropa-parlamentiBu gün Avropa Parlamenti (AP) Azərbaycanla bağlı qətnamə qəbul edib. APA-nın xəbərinə görə, qətnamənin lehinə 365, əleyhinə 202 parlamentar səs verib, 72 nəfər bitərəf qalıb. Qətnamədə parlamentarlar Avropa İnsan Haqları Məhkəməsinin qərarlarına uyğun olaraq insan haqları müdafiəçilərinin, jurnalist və digər vətəndaş cəmiyyəti fəallarının tez və şərtsiz azad edilməsinə çağırıblar.

Qətnamədə Azərbaycan hökuməti universal insan haqlarına hörmətlə yanaşmağa, tələblər yerinə yetirilməyənə qədər Strateji Əməkdaşlıq Razılaşması üzrə danışıqların dayandırılmasına çağırılır. Parlament Avropa Komissiyasını insan haqları, vətəndaş cəmiyyəti və Avropa Qonşuluq Aləti çərçivəsində Azərbaycana insanlararası münasibətlərə dair kütləvi layihələri çıxmaq şərti ilə maliyyə ayrılmasını yenidən nəzərdən keçirməyə də çağırıb.Həmçinin Avropa Parlamentinin Azərbaycan hakimiyyəti ilə insan haqları və Dağlıq Qarabağ münaqişəsi kimi məsələlərdə birgə işləməsi üçün tezliklə ölkəyə nümayəndə heyəti göndərməsi təklif olunub. Qətnamə Avropa İttifaqı ilə Azərbaycan, müxalif qüvvələr və vətəndaş cəmiyyəti arasında qarşılıqlı hörmətə əsaslanan ciddi danışıqların vacibliyini qeyd edir.
Parlamentarlar Azərbaycan rəsmilərini Avropa Şurası və ATƏT kimi regional təşkilatlarla işləməyə və onların nümayəndələrinin Azərbaycana səfərlərini asanlaşdırmağa da çağırıblar və ATƏT-in Bakı ofisinin bağlanmasından təəssüflərini ifadə ediblər.

10.09.2015