ATƏT DTİHB müşahidə missiyasının rəhbəri: “Bizim işimiz tənqid etmək deyil, müşahidə etməkdir”

76ef80c6500ccc99dd51fffc70ec5c2e“Bizim işimiz tənqid etmək deyil, müşahidə etməkdir. Zərurət yaranan hallarda biz vəziyyəti yaxşılaşdırmaq üçün zəruri tövsiyələrimizi verə bilərik”. APA-nın məlumatına görə, bu fikirləri ATƏT DTİHB-in monitorinq missiyasının rəhbəri Tana de Zulueta missiyanın fəaliyyətə başlamasına həsr olunmuş mətbuat konfransında deyib. 

O qeyd edib ki, ATƏT bütün iştirakçı dövlətlərə eyni standartlarla yanaşır: “Biz nəticəni mühakimə etmirik, müşahidəçi kimi bizim məqsədimiz – tərəfsiz qalmaqdır. Bu, ATƏT DTİHB-in Azərbaycanda müşahidə edəcəyi sayca doqquzuncu seçkilər olacaq. Müşahidəçilər qarşıdan gələn seçkiləri üzv ölkələrin ATƏT qarşısında üzərinə götürdüyü öhdəliklərə uyğun dəyərləndirəcəklər. Missiya bu gündən fəaliyyətə başlayır və seçkilərin bütün mərhələlərini, seçki kampaniyasının gedişini, seçki komissiyalarının fəaliyyətini, kampaniyaların KİV-də işıqlandırılmasını və KİV-in bu seçkilərdə rolunu izləyəcək”.

Tana de Zulueta uzunmüddətli müşahidəçilərin seçki prosesini regionlarda izləyəcəyini, hər regiona iki müşahidəçinin göndərilməsinin planlaşdırıldığını deyib. Missiya Azərbaycanda prezident seçkiləri ilə bağlı iki aralıq hesabat hazırlayacaq, yekun hesabat seçkilərdən 8 həftə sonra dərc olunacaq. Səsvermədən bir gün sonra keçiriləcək mətbuat konfransında ilkin müşahidələr açıqlanacaq. Tana de Zulueta missiyanın oktyabrın 19-dək Azərbaycanda olacağını deyib.

Missiya rəhbəri seçkiləri müşahidə etməyə dəvət göndərdiyinə görə, Azərbaycan hökumətinə minnətdarlığını bildirib.

Qeyd edək ki, Tana de Zuluetanın rəhbərlik etdiyi, 13 beynəlxalq ekspertdən ibarət uzunmüddətli missiyanın mənzil-qərargahı Bakıda yerləşəcək, 30 müşahidəçi isə regionlara göndəriləcək. ATƏT DTİHB-in qısa müddətli missiyasının tərkibinə 280 müşahidəçi daxil olacaq.

Xatırladaq ki, ATƏT DTİHB seçkiləri Azərbaycan hökumətinin dəvəti əsasında müşahidə edir. ATƏT DTİHB 1995-ci ildən etibarən Azərbaycanda 8 seçkini, o cümlədən 2008-ci ildə keçirilən prezident seçkilərini müşahidə edib.

29.08.2013