AŞPA və Avropa Parlamentinin müşahidə missiyaları: Azərbaycanda seçki azad, ədalətli və şəffaf keçirilib

5044ba8e23ec374378999bbcf5ac8105AŞPA və Avropa Parlamentinin müşahidə missiyaları hesab edir ki, Azərbaycanda seçki prosesi azad, ədalətli və şəffaf keçirilib. APA-nın xəbərinə görə, bunu hər iki qurumdan olan müşahidəçilərin keçirdiyi birgə mətbuat konfransında Avropa Parlamentinin müşahidə missiyasının rəhbəri Pino Arlakki deyib. O, dinc seçki münasibətilə Azərbaycan xalqını təbrik edib: “Biz sizə dərs keçmək üçün deyil, seçkini müşahidə etmək məqsədilə bura gəlmişik. Bizim müşahidəmizə görə, seçki dinc atmosferdə keçdi. Biz seçicilərə hər hansı təzyiq faktını müşahidə etmədik”.

Bununla yanaşı, P. Arlakki qeyd edib ki, əsas azadlıqlara dair sahələrdə tərəqqiyə ehtiyac var. O, Azərbaycan hakimiyyətini tövsiyələrə diqqətlə yanaşmağa çağırıb.

AŞPA və AP müşahidəçilərinin yekun hesabatı yaxın həftələrdə təqdim ediləcək.

Prezident seçkilərini müşahidə edən AŞPA nümayəndə heyətinin rəhbəri Robert Uolter isə deyib ki, AŞPA-nın 7 üzvündən ibarət nümayəndə heyəti ilə Azərbaycana bir ay əvvəl gəliblər. Uzunmüddətli müşahidə missiyasının seçkiqabağı prosesi izlədiyini qeyd edən R. Uolter seçki günü 30 millət vəkilindən ibarət heyətlə müşahidə apardıqlarını deyib.

O, AŞPA-nın Azərbaycanda gedən prosesləri yaxından izlədiyini də vurğulayıb.

R. Uolter qeyd edib ki, İlham Əliyev səslərin böyük əksəriyyətini toplayaraq qələbə qazanıb: “Biz səslərin sayılması prosesində də iştirak etmişik və qanun pozuntusuna rast gəlməmişik”.

O deyib ki, müxtəlif uğursuz namizədlərin seçkinin nəticələrini tanıyıb-tanımaması siyasi məsələdir və bununla bağlı suallar onlara verilməlidir: “Bilirəm ki, Azərbaycanda bir sıra insanlar AŞPA-nın fəaliyyətini tənqid edirlər. Ancaq AŞPA-da Avropanın hər yerindən siyasətçilər təmsil olunurlar və onlar azad, sərbəst müzakirələr aparıb, hesabatlar, qərarlar qəbul edirlər”.

10.10.2013