AŞPA seçki müşahidə missiyası Azərbaycan Milli Məclisində görüşlər keçirib

Milli_Meclis_2Avropa Şurası Parlament Assambleyasının (AŞPA) seçki müşahidə missiyası üzrə Ad hok (müvəqqəti) komitəsinin ön heyəti Milli Məclisdə olub. Parlamentdən APA-ya verilən məlumata görə, əvvəlcə qonaqlar Milli Məclis sədrinin müavini, parlamentdə təmsil olunan bitərəflər qrupunun nümayəndəsi Valeh Ələsgərovla görüşüblər.

Milli Məclis sədrinin müavini Azərbaycanda seçki qanunvericiliyi, parlament seçkiləri öncəsi vəziyyət, seçki komissiyalarının tərkibi, bitərəflərin seçki komissiyalarında təmsilçiliyi və digər məsələlər barədə ətraflı məlumat verib.

O bildirib ki, Azərbaycanın mövcud qanunvericiliyi qarşıya çıxan bütün problemləri balanslaşdırılmış şəkildə həll etməyə imkan verir. Avropa Parlamentinin Azərbaycanla bağlı sonuncu qətnaməsi barədə danışan Avropa İttifaqı-Azərbaycan Parlament əməkdaşlıq komitəsinin həmsədri V. Ələsgərov qarşılıqlı münasibətlərdə bərabərhüquqlu əməkdaşlığın vacib olduğunu diqqətə çatdırıb. Söhbət zamanı Avropada miqrantlar problemi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və digər mövzularda da fikir mübadiləsi aparılıb.

Daha sonra qonaqlar Milli Məclisdə təmsil olunan Yeni Azərbaycan Partiyasının nümayəndələri ilə görüşüblər. YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirib ki, partiya qarşıdan gələn parlament seçkilərində iştirak etmək üçün öz namizədlərini elan edib: “Partiyanın irəli sürdüyü 117 namizəd hazırda qanunvericiliyə uyğun olaraq müvafiq prosedurları həyata keçirir”.

S.Novruzov təbliğat üçün namizədlərə ayrılan vaxt, maliyyə vəsaiti, ölkəmizin seçki qanunvericiliyi barədə ətraflı məlumat verib. Avropa Parlamentinin Azərbaycanla bağlı sonuncu qətnaməsi barədə danışan S. Novruzov bildirib ki, həmin qətnamənin ölkəmizdə keçiriləcək seçkilər ərəfəsində qəbul olunması təsadüfi deyil: “Belə ki, son il yarımda Avropa Parlamenti Azərbaycanla bağlı 3 belə qətnamə qəbul edib. Onların hər birinin Azərbaycandakı mühüm hadisələr ərəfəsində qəbul edilməsi onu deməyə əsas verir ki, bu qətnamələrin arxasında ancaq siyasi maraqlar dayanır. Oradakı müddəaların heç bir hüquqi əsası yoxdur”.

AŞPA-nın seçki müşahidə missiyası  Azərbaycan Milli Məclisinin qurumdakı nümayəndə heyəti ilə də görüşüb. Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-dakı nümayəndə heyətimizin rəhbəri Səməd Seyidov Avropa Şurası Parlament Assambleyasının rəyinə önəm verdiklərini qonaqların nəzərinə çatdırıb. O qeyd edib ki, Azərbaycan bu quruma üzv olduğu müddətdə bir çox ölkələrdə seçkilərin gedişini izləyib, mövcud  problemləri görüb, kifayət qədər təcrübə toplayıb və müqayisə imkanları genişdir. Söhbət zamanı bəzi qurumların Azərbaycana qarşı qərəzli mövqeyinə, beynəlxalq müşahidəçilərin seçkilərdə iştirakı vacibliyinə də toxunulub. Bildirilib ki, Azərbaycanın məqsədi Avropadan və dünya ölkələrindən gələnlərin seçki prosesində Azərbaycandakı reallığı görməsidir.

Nümayəndə heyətinin rəhbəri Xordi Şukla, Azərbaycan üzrə həmməruzəçi Aqustin Konde, nümayəndə heyətinin üzvü Egemen Bağış seçkiqabağı dövrdə əməkdaşlığın vacibliyini təsdiqləyiblər.

22.09.2015