AŞPA-nın yaz sessiyasında Sərsəng su anbarı ilə bağlı müzakirələr olacaq

ASHPAAvropa Şurası Parlament Assambleyasının yaz sessiyasında erməni işğalçılarının nəzarətində olan Sərsəng su anbarının regionda yaratdığı fəsadlarla bağlı məsələ müzakirə olunacaq. Avciya.az saytının məlumatına görə, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafina Yardım Assosiasiyasının prezidenti, Şamaxının millət vəkili Elxan Süleymanov tərəfindən təqdim edilmiş və 14 Avropa ölkəsini təmsil edən deputatlar tərəfindən imzalanmış qətnamə layihəsinə bazar günü, aprel ayının 6-da Avropa Şurasının Prezidentlər Komissiyasında baxılacaq.

Qətnamə layihəsində Azərbaycanın cəbhəyanı rayonlarının (Ağcabədi, Ağdam, Bərdə, Goranbay, Tərtər, Yevlax) 400 mindən artıq mülki əhalisinin kəskin su qıtlığı səbəbindən gündəlik olaraq ciddi humanitar, iqtisadi, ekoloji və bioloji təhdidlərlə üz-üzə qalması bildirilir. Qətnamə layihəsində, həmçinin, bu dağətəyi rayonların meliorasiya şəbəkəsinin uzun illər ərzində yaz-yay mövsümündə Tərtər çayı üzərində inşa edilmiş Sərsəng su anbarından qidalandığı önə çəkilir, su anbarı işğal edildikdən sonra meliorasiya şəbəkəsinin isti aylarda susuzluqdan əziyyət çəkməsi, ilin soyuq aylarında isə suyun bilərəkdən buraxılması nəticəsində əhalinin evlərinin və fermer təsərüfatlarının su altında qalması xüsusi qeyd olunur.

AVCİYA-nın prezidenti, Şamaxının millət vəkili Elxan Süleymanov bildirir ki, Avropa Şurası Parlament Assambleyası sərhədlərdən asılı olmayaraq, sudan sərbəst istifadəni bütün vətəndaşların əsas hüququ hesab edir. Bu səbəbdən də, qətnamə layihəsində Assambleyanın bu məsələni araşdırmaq və problemin səbəblərini müəyyənləşdirmək məqsədilə məruzəçi təyin etməyə çağırışı, problemə dair məruzənin hazırlanması və problemi aradan qaldırmaq məqsədilə beynəlxalq ictimaiyyəti dərhal və konkret tədbir görməyə çağıran qətnamə qəbul edilməsinin məqsədəuyğun hesab etməsi kimi müddəalar öz əksini tapmışdır.

Qeyd edək ki, AVCİYA 2013-cü ilin may ayından etibarən Sərsəng su anbarının işğal altında qalmasının yaratdığı və yarada biləcək humanitar faciə, iqtisadi, ekoloji, bioloji böhranla bağlı genişmiqyaslı beynəlxalq layihəyə başlamışdır. Bu müddət ərzində, dünya mətbuatında mövzuyla bağlı 3 mindən artıq məqalə çap olunmuş, humanitar faciə ərazilərində yaşayan on minlərlə insanın müraciətləri, harayı AŞPA, Avropa Parlamenti, ATƏT və başqa nüfuzlu beynəlxalq təşkilatların ünvanlarına göndərilmiş, beynəlxalq ictimaiyyət layihə barədə məlumatlandırılmışdır.

3.04.2014