AŞPA-da Ramil Səfərovun ekstradisiya və əfv edilməsi ilə bağlı dinləmə keçirilib

Ramil_Seferov_foto“Beynəlxalq və Azərbaycanın daxili hüquqi normaları R. Səfərovun ekstradisiyasını və əfv olunmasını mümkün edir”

Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) plenar iclasında cari məsələ kimi “Ramil Səfərov məsələsi” müzakirə edilib. APA-nın Avropa Şurasındakı müxbirinin xəbərinə görə, bu məsələ ilə əlaqədar çıxışların sonunda heç bir sənəd, qətnamə qəbul olunmasa da, müzakirələr çox qızğın keçib. 

AŞ PA Bürosu bu məsələnin araşdırmasını qurumun hüquqi məsələlər və insan hüquqları komitəsinə tapşırdığı üçün komitənin sədri, britaniyalı parlamentar Kristofer Çop məlumat verib.

Müzakirələrdə avropalı və erməni deputatlarla yanaşı, Azərbaycanın AŞ PA-dakı nümayəndə heyəti üzvləri də çıxış ediblər. K. Çop, öncə Ramil Səfərovun Budapeştdə NATO təlimləri çərçivəsində öz həmkarını, erməni zabitini öldürməsinin tarixçəsini danışıb, onun ekstradiyası və əfv olunması proseduru barədə geniş məlumat verib. Məsələyə hüquqi qiymət verən K. Çop qeyd edib ki, beynəlxalq və Azərbaycanın daxili hüquqi normaları R. Səfərovun ekstradisiyasını və əfv olunmasını mümkün edir: “Bu məsələdə sadəcə hüquqdan ifrat yararlanmaq və mənəviyyat baxımından əks tərəfi qıcıqlandıran detallar var”.

Çıxış edən digər avropalı deputatlar da R. Səfərovun ekstradisiyasını və əfv olunmasını pisləsələr də, Azərbaycan və Macarıstanın Strasburq Konvensiyasının bütün norma və qaydalarına əməl etdiklərini, baş vermiş hadisənin beynəlxalq hüquq çərçivəsini aşmadığını bildiriblər. Çıxış edən avropalı deputatlar, əsasən, “məsələnin mənəvi tərəfinə diqqət etdiklərini” deyiblər. Onlar bu hadisənin münaqişədə olan iki ölkə arasındakı münasibətləri daha da ağırlaşdıra biləcəyini vurğulayıblar.

Qeyd edək ki, AŞ PA-da Ramil Səfərov məsələsinin Dağlıq Qarabağ problemi kontekstində müzakirə edilməməsi tövsiyə olunmuşdu. Lakin avropalı deputatların da əksəriyyəti hadisədən danışarkən, Dağlıq Qarabağ probleminə toxunub və Ermənistanla Azərbaycan arasındakı münaqişənin tezliklə həll edilməsini arzuladıqlarını bildiriblər.

Macarıstandan olan deputatlar da çıxışlarında ölkələrinin beynəlxalq hüquq normalarının əksinə olan addım atmadığını, bu məsələdə Macarıstanın həm də mənəvi və humanist tərəfləri nəzərə aldığını deyiblər. Macar parlamentarlar R. Səfərov məsələsinin həlli üçün Macarıstanla Azərbaycan arasında hansısa biznes razılaşmaları olması barədə iddiaları “cəfəngiyyat” adlandırıblar.

AŞ PA-nın Azərbaycan üzrə həmməruzəçisi Pedro Aqramunt da bu olaydan təəssüfləndiyini bildirib. O, Ermənistanın Azərbaycan ərazilərinin 20%-ni işğal etdiyini, bu işğal nəticəsində yüz minlərlə qaçqın və məcburi köçkünün olduğu faktını bir daha assambleya üzvlərinin nəzərinə çatdırıb.

Müzakirələrdə daha aqressiv münasibəti isə erməni və fransız deputatlar göstəriblər. Onlar Ramil Səfərov məsələsinə görə Avropa Şurası və AŞPA-nın Azərbaycana qarşı xüsusi sanksiyalar tətbiq etməsinin vacibliyini bildirən çağırışlar səsləndiriblər.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Aydın Abbasov ermənilərin bu hüquqi məsələni Assambleyada siyasiləşdirərək, Azərbaycana təzyiq etmək niyyətində olduqlarını bildirib. A. Abbasov Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verib, Ermənistanın işğalçı siyasətindən, münaqişənin gətirdiyi faciələrdən danışıb, problemin tezliklə həll edilməsinin vacibliyini vurğulayıb.

Azərbaycan və Türkiyənin digər millət vəkilləri də çıxışlarında ötən əsrdə erməni terrorçularının türk diplomatları və Fransa vətəndaşlarına qarşı törətdikləri qətliamlarla bağlı faktları səsləndiriblər. Qeyd olunub ki, bu cinayətləri törətmiş şəxslər sonradan əfv edilərək, Ermənistana gəlib, onlara fəxri adlar verilib və qəhrəman kimi qarşılanma mərasimləri düzənlənib.

Azərbaycandan olan millət vəkilləri çıxışlarında bu məsələnin Dağlıq Qarabağ münaqişəsi kontekstindən kənar araşdırılmasının və münasibət bildirilməsinin doğru olmadığını söyləyiblər.

Xatırladaq ki, “Ramil Səfərov məsələsi” adı altında Assambleyada keçirilmiş bugünkü müzakirələr, AŞPA-nın gündəliyinə cari məsələ kimi əlavə olunub və bununla bağlı qurum heç bir hüquqi, həmçinin tövsiyə xarakterli sənəd qəbul etməyib.

4.10.2012