AŞ PA Monitorinq Komitəsində Azərbaycanla bağlı müzakirələr aparılıb

Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sessiyası çərçivəsində keçirilən Monitorinq Komitəsinin (MK) iclasında Azərbaycanla bağlı müzakirələr aparılıb. APA-nın Strasburqa ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, 45 dəqiqə çəkən müzakirələrdə MK-nın Azərbaycan üzrə həmməruzəçiləri Andres Herkel və Yevgeniya Jivkova Azərbaycanda martın 18-də keçiriləcək referendum, Azərbaycanda xarici radiostansiyaların fəaliyyətin dayandırılması, Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunusa qarşı məhkəmə iddiası və politoloq Zərdüşt Əlizadənin oğlunun həbsi ilə bağlı fikirlərini söyləyiblər.

Həmmərüzəçilər təklif ediblər ki, Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı referendumun keçirilməsinin Avropa dəyərlərinə nə qədər cavab verdiyini araşdırmaq üçün Venesiya Komissiyasına müraciət edilsin, qurumun hüquqşünaslarının rəyi alınsın. Bununla belə, referendum keçirilməsinin xalqın öz istəyindən və ölkənin siyasi iradəsindən asılı məsələ olduğu qeyd edilib.

İclasda hər hansı sənəd qəbul olunmayıb.

A. Herkel APA-ya bildirib ki, Azərbaycanda keçiriləcək referendumla bağlı mart ayında həmməruzəçilər ölkəmizə səfər edəcək və səfərin yekunlarına dair MK-ya məruzə edəcəklər.

Mənbə: www.apa.az

31.01.2009