Artıq uşaqlara da ümumvətəndaş pasportları veriləcəkdir

xarici-pasportDaxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsindən verilən məlumata görə, 01.09.2013 cü il tarixindən valideynlərin xarici pasportlarına övladlarının adlarının yazılması və şəkillərinin əlavə edilməsi qaydası ləğv edilərək, uşaqlara ümumvətəndaş pasportlarının verilməsinə başlanılmışdır. Bunun üçün valideyn, ilk növbədə, yerli pasport qeydiyyatı şöbəsinə müraciət edib uşağa şəxsiyyət vəsiqəsi almalı, sonra uşağın valideynlərinin,və yaxud qanuni nümayəndələrinin etibarnaməsi əsasında Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə müraciət etməlidir.

Pasportu əldə etmək üçün zəruri sənədlərin siyahısına ümumvətəndaş pasportu verilməsi haqqında ərizə-anket; vətəndaşın şəxsiyyət vəsiqəsi, dövlət rüsumunun ödənilməsi barədə sənəd,18 yaşına çatmamış uşaqların valideynlərinin və ya qanuni nümayəndələrinin razılığı daxildir. Pasport 15 yaşı tamam olmamış vətəndaşa verildikdə: qan qrupu haqqında tibbi arayış (uşağın fərdi identifikasiya kartı təqdim edildikdə bu sənəd tələb olunmur); valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürəninin, himayəçisinin və ya qəyyumunun hüquqlarını təsdiq edən sənəd. 15 yaşı tamam olmamış vətəndaşa ümumvətəndaş pasportu verilərkən ərizə-anketi yalnız onun valideynləri, valideyn himayəsindən məhrum olmuş uşaqların isə digər qanuni nümayəndələri imzalayırlar. 15 yaşdan 18 yaşadək olan vətəndaşın ərizə-anketini onun özü və ya qanuni nümayəndəsi verə bilər. Hər iki halda ərizə-anketdə 15 yaşdan 18 yaşadək olan vətəndaşın imzası olmalıdır.

Uşaqlar üçün ümumvətəndaş pasportları bir yaşınadək uşaqlara 1 illik, 1-3 yaşındakı uşaqlara 3 illik, 3 yaşından yuxarı uşaqlara 5 illik müddətinə verilir. Ümumvətəndaş pasportu vətəndaş müraciət etdikdən sonra ödədiyi dövlət rüsumunun məbləğinə müvafiq olaraq, on, beş, iki və ya bir iş günü müddətində verilir və ya dəyişdirilir. Pasport on iş günü müddətində verildikdə və ya dəyişdirildikdə, məbləğ bir yaşınadək uşaqlar üçün 10, bir yaşından üç yaşınadək uşaqlar üçün 20 manat, üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün 30, on səkkiz yaşına çatmış vətəndaşlara 40 manatdır.

Pasport beş iş günündə verildikdə və ya dəyişdirildikdə rüsum bir yaşınadək uşaqlar üçün 20, bir yaşından üç yaşınadək uşaqlar üçün 40, üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün 60, on səkkiz yaşına çatmış vətəndaşlara 80 manatdır. Pasport bir iş günü müddətində verildikdə və ya dəyişdirildikdə bir yaşınadək uşaqlar üçün 40 manat, bir yaşından üç yaşınadək uşaqlar üçün 80, üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün 120, on səkkiz yaşına çatmış vətəndaşlar üçün 160 manatdır.

27.02.2014