Almaniyanın hakimiyyətdə olan partiyalarının gənclər təşkilatı Dağlıq Qarabağla bağlı sənəd qəbul edib

Ishgal_altinda_olan_erazilerAlmaniyanın hakimiyyətdə olan Xristian Demokrat İttifaqı/Xristian-Sosial İttifaqı partiyalarının “Junge Union” gənclər təşkilatının 2012-ci il oktyabrın 5-7-də Berlində keçirilən “Deutschlandtag” adlı illik konfransında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə xüsusi sənəd qəbul edilib.

Avropa Azərbaycan Cəmiyyətindən (AAC) APA-ya verilən məlumata görə, sənəddə deyilir ki, Sovet İttifaqının dağılmasından sonra müstəqillik əldə etmiş Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə olan iddiaları 1992-ci ildə müharibə ilə nəticələnib ki, bu da təxminən 25 min azərbaycanlının həyatına son qoyub, bir milyondan artıq insan isə qaçqın və məcburi köçkünə çevrilib. Müharibənin gedişində Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı yeddi rayonunu işğal edib. “Azərbaycanın işğal edilmiş ərazisində birtərəfli şəkildə qondarma “Dağlıq Qarabağ Respublikası” elan edilməsi beynəlxalq birlik və təşkilatlar tərəfindən indiyədək tanınmayıb. Bu səbəbdən Almaniya və Avropa Birliyi (AB) də Dağlıq Qarabağda 2010-cu ildə keçirilmiş saxta “parlament seçkilərini” qeyri-qanuni hesab edərək qınayıb.

AB-nin xarici əlaqələr və təhlükəsizlik üzrə ali komissarı Ketrin Eşton həm bu seçkini, həm də 19 iyul 2012-ci ildə keçirilmiş sonuncu “prezident seçkilərini” konfliktin sülh yolu ilə həlli üçün bir əngəl hesab etdiyini bəyan edib.

Ermənistanın işğalı hələ 1993-cü ildə BMT Nizamnaməsinin 2-ci maddəsinə əsasən Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884-cü qətnamələrində pislənib və işğal olunmuş Azərbaycan torpaqlarının azad olunması tələb edilib. Bu mövqeyə 2008-ci ildə BMT-nin Baş Məclisi də qoşulub, Azərbaycanın ərazi bütövlüyü tanınıb. Buna uyğun olaraq Dağlıq Qarabağ Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir.

2005-ci ildə Avropa Şurası buna müvafiq bir qətnamə qəbul edib. Avropa Parlamenti 2010-cu ildə erməni hərbi hissələrinin işğal olunmuş ərazilərdən geri çəkilmələrini tələb edib.

Cənubi Qafqazda davamlı siyasi stabilliyin olması istər Almaniya, istərsə də ümumavropanın maraq dairəsindədir. Təəssüf ki, ATƏT-in Minsk qrupu çərçivəsindəki vasitəçiliyi indiyə kimi nəticəsiz qalıb. Buna görə də Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi barəsində beynəlxalq hüquqla qanuniləşdirilmiş tələblərinin yerinə yetirilməsinin vaxtı gəlib çatıb”, – deyə sənəddə bildirilir.

Qətnaməyə görə “Junge Union” təşkilatı aşağıdakı qərarı qəbul edib:

1. Təşkilat AFR hökumətindən tələb edir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin həll olunması üçün ATƏT, Avropa Birliyi və Birləşmiş Millətlər Təşkilatı ilə əməkdaşlıq çərçivəsində öz beynəlxalq səylərini gücləndirsin.

2. Ermənistan hökuməti Dağlıq Qarabağın və Azərbaycanın digər ərazilərinin işğalına təcili olaraq son qoymalıdır. Dağlıq Qarabağ Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir.

3. Azərbaycan Respublikasının ərazi bütövlüyü, onun sərhədlərinin toxunulmazlığı və sərhəd bölgəsində yaşayan əhalinin təhlükəsizliyi təxirə salınmadan və məhdudiyyət qoyulmadan təmin edilməlidir.

Avropa Azərbaycan Cəmiyyətinin sədri Tale Heydərov konfransda çıxış edib. T. Heydərov çıxışında qeyd edib ki, Avropa Azərbaycan Cəmiyyətinin əsas məqsədlərindən biri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlandırma işi aparmaq və münaqişənin sülh yolu ilə ədalətli həllinə töhfə verməkdir.

Qeyd edək ki, “Junge Union” gənclər təşkilatı sıralarında 130 min nəfəri birləşdirir və Avropada gənclərin ən böyük siyasi qurumudur.

9.10.2012