Alman KİV-i Azərbaycan haqqında məqalələr dərc ediblər

alman_kiv-i“Die Welt” internet nəşrində “Bakı – işıqlar və odlar şəhəridir” başlığı altında məqalə çıxıb. Məqalənin müəllifi Knut Teske Bakını hər hansı bir qərb paytaxtı ilə müqayisə olunmayacaq müasir Avropa şəhəri kimi təsvir edir: “Nə Nyu-York, nə Tokio, Nə Rio, nə London, nə də Paris Bakı ilə müqayisəyə gəlmir. Ola bilsin ki, Roma, daha dəqiq, Roma Forumu, o da ki müəyyən saatlarda”. Xüsusi diqqəti müəllif Bakı binalarının gecə işıqlandırılmasına yönəldir və qeyd edir ki, şəhərin gözəlliyi turistləri heyrətləndirir. “Hazırda Bakı ikinci həyatını yaşayır” – deyə, nəşr Azərbaycanın paytaxtındakı tikinti bumu, “Flame Towers” (“Alov qüllələri”) kimi nəhəng kompleks haqqında söhbət açır.

Bakının keçmişinə tarixi ekskurs edən müəllif XIX əsrin sonlarında başlamış ilk neft bumundan danışır. “Bakı əsrlər boyu opera, teatr, kitabxanaları ilə Şərqin regional mərkəzi olub. Azərbaycanın payına düşən dünya neft-qaz məhsulunun 0,7 %-i kifayət edib ki, sovet istismarı ilə bərbad vəziyyətə salınmış şəhəri gəşəng metropoliyaya çevirsin. “Evrovision” müsabiqəsi bir çoxlarının tanımadıqları Bakıya reklamdır və şəhər də buna hazırdır. Mahnı müsabiqəsi futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqtsun dostlarına vəd etdiyi turist bumuna səbəb olacaq”. Daha sonra məqalədə qonşu İranı qıcıqlandıran Azərbaycan dövlətinin dünyavi modelindən söhbət açılır. “Tehran rejimi qonşu Azərbaycanda yaşayan islamçıların vasitəsilə bu ölkədəki sabitliyi pozmağa çalışır”, – deyə, “Die Welt” yazır.

Məqalədə həmçinin Dağlıq Qarabağ mövzusu da yer almışdır, həm də sözügedən münaqişənin səbəbkarı kimi Ermənistan göstərilir.

Mayın 20-də “Die Welt” nəşrinin çap versiyasında “Bakı – son məntəqədir” başlkıqlı geniş xülasə yer almışdır. 2 milyon tirajı olan nəşrin əsas auditoriyası menecerlər və siyasətçilərdir. Məqalənin müəllifi Ştefan Bakvits antik dövrdən başlayaraq Bakının tarıxıni ətraflı şəkildə və elmi cəhətdən şərh edir.

Xüsusi diqqəti dini aspektə yönəldən müəllif yazır ki, Azərbaycanda din azaddır və İranla müqayisəı belə edə bilməz. Şəhərdə başıbağlı qadınlar demək olar ki yoxdur və Bakıda “Evrovision” müsabiqəsinin boykot edilməsi düşüncəsiz ideyadır və onun Tehranda keçirilməsi sadəcə mümkün olmazdı. “Evrovision” müsabiqəsinin islam mədəniyyətinin paytaxtında təşkil olunması qərb pop mədəniyyəti ölkələrinə Bakının ideyaları, Avropanın son məntəqəsi və Rusiyanın nəzarətindənkənar Avropaya neft və qaz ixracının yeganə dəhlizi olması faktının çatdırılması imkanını verir.

“Lüftqanza” jurnalının may buraxılışı bütövlükdə Bakı şəhərinə həsr olunub. Alman və ingilis dillərində olan 10 səhifəlik məqalə oxuculara Bakının gözəl şəkilləri ilə təqdim olunub. Dərc olunmuş şəkillər son illərdə Bakının arxitektura nailiyyətlərini əks etdirir. Jurnalın tirajı 400 min nüsxə, əsas auditoriyası isə turistlər, biznesmenlər və siyasətçilərdir. Məqalədə Azərbaycanın dünyavi dövlət olması, spirtli içkilərə qadağanın olmaması, küçələrdə çadralı qadınların görünməməsi xüsusi vurğulanır.

“Stern.de” kimi populyar internet-nəşr “Evrovision” ərəfəsində avropalı turistlərin Bakı haqqında ilk təəssüratlarını dərc edib. “Azərbaycanın paytaxtı Avropadan olan ilk ziyarətçiləri heyrətləndirir, xüsusilə də onun sakinlərinin qonaqpərvərliyi diqqəti çəkir”- deyə, “Stern.de” bildirir. Qonaqlardan biri isə “Bu, İspaniayadakı məzuniyyət kimidir, amma bura daha dəbdəbəlidir”.

25.05.2012