Ali təhsil və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu başlayıb

Dövlət İmtahan Mərkəzi 2018/2019-cu tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu elan edib. DİM-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ali və orta ixtisas təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu martın 29-dan aprelin 30-dək internet vasitəsilə aşağıdakı qaydada aparılır:

Abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə Dövlət İmtahan Mərkəzinin müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizebak/erize) daxil olub, “Abituriyentin elektron ərizəsi” formasını doldurur və ərizəni təsdiq edirlər (etdirirlər).

Müsabiqədə iştirak ödənişlidir. Ali təhsil müəssisələrinə I-IV ixtisas qrupları üzrə qəbul imtahanı iki dəfə (yaz və yay sessiyaları) keçirilir və abituriyentlər hər iki imtahanda (hər sessiyada bir dəfə olmaqla) iştirak edə bilərlər.

İlk qəbul imtahanı (yaz sessiyası) II-III ixtisas qrupları üzrə mayın 13-də, I-IV ixtisas qrupları üzrə isə mayın 20-də keçiriləcək. İkinci imtahan (yay sessiyası) isə I-IV ixtisas qrupları üzrə iyulun 18-də, II-III ixtisas qruplari üzrə isə iyulun 26-da keçiriləcək. Abituriyentlər hər iki imtahanda iştirak edə bilərlər.

Buraxılış imtahanında tədris dili fənni üzrə imtahan verməyən cari ilin məzunları (tədris dili Azərbaycan və ya rus dili olmayan məktəblərin məzunları) orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ərizə təqdim etdikləri halda, buraxılış imtahanında digər fənlərlə yanaşı, ərizədə qeyd etdikləri qəbul imtahanı dilinə uyğun olaraq Azərbaycan və ya rus dili fənnindən imtahan verirlər.

I-IV ixtisas qrupları üzrə hər iki imtahanda iştirak edən abituriyent ikinci imtahanı birinci imtahandan fərqli ixtisas qrupu üzrə də verə bilər.

29.03.2018