“2010-cu il Parlament seçkiləri ərəfəsində seçici qadınların fəallığının artırılması” layihəsinin təqdimatı

“ELS” Müstəqil Araşdırmalar Mərkəzi artıq 5 ildir ki, Azərbaycanda keçirilən seçkilərlə bağlı fəaliyyət göstərir. Seçki zamanı “exit-poll” və “quick count” tədqiqatları, seçicilər tərəfindən seçkilərə marağın artırılması, seçkilərdə daha fəal iştirak etmələri məqsədilə seçki ərəfəsində maarifləndirmə işləri aparılır. Bütün dünyada mövcud olan qadınların xüsusən də regionlarda yaşayanların seçici fəallığının nisbətən aşağı olmasını nəzərə alaraq Mərkəzimiz bu istiqamətdə də işlər aparır. Mərkəz ölkəmizin ictimai-siyası həyatında əhəmiyyətli yer tutan Milli Məclis seçkiləri ərəfəsində qadınların seçkilərdə iştirakı ilə bağlı tədbirlərin keçirilməsini vacib sayaraq ABŞ-ın Azərbaycandakı səfirliyinin 2009-cu ildin dekabr ayında elan etdiyi Demokratiya Komissiyasının Kiçik Qrantlar Proqramında “Qadınların seçici fəallığının artırılmasında beynəlxalq təcrubənin tətbiqi” layihəsi ilə iştirak etmiş və qalibi olmuşdur.

Layihədə ELS-in tərəfdaşı ABŞ 90 ildən artıq tarixə malik olan “Qadın seçicilər Liqası”dır. Qadın Seçicilər Liqası (Liqa) Birləşmiş Ştatlarda seçkilərə və seçki proseslərinə nəzarətin həyata keçirilməsinin təmin edilməsi sahəsində uzun illik tarixə malikdir. Liqanın üzvləri mütəmadi olaraq seçki məntəqəsi əməkdaşları və ya seçkilər günü yerli seçki müşahidəçiləri qismində xidmət edirlər. Bundan əlavə Liqa bələdiyyələr ilə və hökümət qurumları ilə münasibətləri tənzimləyirlər ki, bununla da Liqa üzvləri dövlət məmurları ilə əməkdaşlıq etməklə seçkilərə nəzarətin həyata keçirilməsində və bu proseslərin ədalətli keçirilməsinin təmin edilməsində birgə fəaliyyət göstərirlər.

Layihə çərçivəsində ABŞ və Bolqariyanın qadınların seçkilərə cəlb edilməsi sahəsində fəaliyyət göstərən üç ictimai təşkilatların təmsilçiləri və ABŞ-ın müstəqil ekspertinin iştirakı ilə Gəncə şəhərində 2010-cu ilin avqust ayının 24-25 tarixində beynəlxalq konfrans nəzərdə tutulub. Eyni zamanda konfransda Gəncə və gərb regionu rayonlarının fəal qadınları, qeyri-hökumət təşkilatların təmsilçilər də yaxından iştirak edəcəklər.

Layihənin məqsədi qadınların ictimai və siyasi həyatda irəli çəkilməsi, regionlardaparlament seçkiləri ərəfəsində seçkilərlə bağlı seçmək və seçilmək hüquqları, qadınların qərar qəbuletmə prosesində iştirakı və s. məsələlərin gündəmə gətirilməsidir. Ölkəmizdə keçirilən seçkilərin müşahidəsi göstərir ki, qadınların seçkili orqanlarda iştirakı getdikcə artır. Belə ki, əgər 2004-cü ildə keçirilmiş bələdiyyə seçkilərində qalib gələnlərin yalnız 3,4% qadın idi, 2009-cu ilin bələdiyyə seçkilərində bu rəqəm artıq 26,1% təşkil edib. Lakin aparılan araşdırmalar və əhalinin rəy sorğuları bügünədək qadınların seçkilərlə bağlı məlumatlılıqlarının lazımi səviyyədə olmaması, cəmiyyətdə müəyyən stereotiplərin hələ də əhəmiyyətli dərəcədə mövcudluğunu göstərir.

Nəzərə alsaq ki, 2005-ci ilin Milli Məclis seçkilərində namizədliklərini irəli sürən qadınların nisbi sayı namizədlərin ümumi sayının 10,3%-ni təşkil etmişdir, bu zaman 2010-cu ilin noyabr ayında keçiriləcək Milli Məclis seçkiləri ərəfəsində qadınların seçki prosesinə cəlb edilməsi məqsədi ilə maarifləndirmə və məlumatlandırma kampaniyasına ehtiyac duyulur. Bu işin səmərəli təşkilində beynəlxalqa təcrübə, digər ölkələrin əldə etdiyi nailiyyətlərlə tanış olmaq və onları ölkəmizdə tətbiq etməklə əhəmiyyətli nəticələr əldə etmək olar.

İradə Yaqubova,

“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin direktoru

30.07.2010