2 fevral – Gənclər Günüdür

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Gənclər Gününə həsr olunmuş respublika toplantısında iştirak ediblər

Fevralın 1-də Bakı Konqres Mərkəzində Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısı keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər. Dövlətimizin başçısı tədbirdə nitq söyləyib.

Gənclər Günü münasibətilə təbriklərini çatdıran Prezident İlham Əliyev bu günün ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə təsis edildiyini xatırlayıb, Ümummilli Liderin gənclərə həmişə böyük sevgi və qayğı ilə yanaşdığını bildirib. Dövlətimizin başçısı Azərbaycanda müasir gənclər siyasətinin 1994-cü ildən başladığını, həmin il Ulu Öndərin o zaman mövcud olan çətinliklərə baxmayaraq, Gənclər və İdman Nazirliyini yaratdığını və bunun da gənclər üçün imkanlar açdığını vurğulayıb. Prezident İlham Əliyev ölkəmizdə gənclərlə bağlı dövlət proqramlarının qəbul olunduğunu, bölgələrdə Gənclər mərkəzlərinin, Olimpiya İdman komplekslərinin açıldığını qeyd edib, ölkəmizdə gənclərlə bağlı müxtəlif mötəbər beynəlxalq tədbirlərin keçirildiyini bildirib.

Müstəqillik dövründə yaşamağın gənclər üçün böyük xoşbəxtlik olduğunu vurğulayan dövlətimizin başçısı ölkəmizin hərtərəfli inkişafında gənclərin roluna toxunub, onların cəmiyyətin fəal üzvləri olduğunu deyib. Prezident İlham Əliyev bildirib ki, Azərbaycan gəncləri peşəkar olmalı, milli və vətənpərvərlik ruhunda tərbiyə almalıdırlar. “Haqlı olaraq gənclərimizlə fəxr edə bilərik”, – deyən dövlətimizin başçısı şəhidlərimizin böyük əksəriyyətinin gənclər olduğunu vurğulayıb və qeyd edib ki, hər bir gəncin əsas vəzifəsi müstəqilliyimizi möhkəmləndirmək olmalıdır.

Çıxışının sonunda Prezident İlham Əliyev Azərbaycan gənclərinə inandığını və güvəndiyini bəyan edərək onlara uğurlar arzulayıb.

Sonra gənclər siyasətinə həsr olunan film nümayiş olunub.

Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə yekunlaşıb.

1.02.2019