İlham Əliyev Zaqatalada Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş “Qızılgül” körpələr evi-uşaq bağçasının açılışında iştirak edib

Korpeler-eviPrezident İlham Əliyev Zaqatalaya səfəri çərçivəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş “Qızılgül” körpələr evi-uşaq bağçasının açılışında iştirak edib. Dövlətimizin başçısı uşaq bağçasının binasının rəmzi açılışını bildirən lenti kəsdi.

Ümumi sahəsi 1280 kvadratmetr olan bina 100 uşaq üçün nəzərdə tutulub. İkimərtəbəli binanın foyesində ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın uşaqlara göstərdikləri diqqət və qayğını əks etdirən fotolar sərgilənir. Körpələr evi-uşaq bağçasında 5 qrup fəaliyyət göstərəcək. Burada 1 yaşdan 6 yaşadək uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaq üçün hərtərəfli şərait yaradılıb. Binada müəllimlər, tibb, qəbul, yataq, kompyuter otaqları, idman, oyun, musiqi zalları yaradılıb.

Körpələr evi-uşaq bağçasında 28 pedaqoji işçinin çalışması nəzərdə tutulub. Bir sözlə, uşaqların gələcəyin sağlam vətəndaşı kimi yetişmələri üçün binada hərtərəfli şərait yaradılıb. Burada qruplar yaradılarkən müasir təlim-tərbiyə qaydaları əsas götürülüb. Körpələr evi-uşaq bağçasında uşaqların istirahəti və əyləncəsi üçün geniş imkanlar var. Bütün otaqlar lazımı avadanlıqla təchiz edilib. Burada balacaların ilk yaşlarından intellektual, fiziki və əqli inkişafı, onların istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması, insanlarla ünsiyyətin qurulması diqqət mərkəzində saxlanacaq.

Bina havalandırma sistemi, çamaşırxana, transformator yarımstansiyası, nasosxana ilə təchiz olunub. Ərazidə geniş yaşıllıq zolağı salınıb.

4.11.2015