Əli Həsənov: “İran istəyir ki, Azərbaycan onun dostları ilə dost, düşmənləri ilə düşmən olsun, ancaq bizim öz müstəqil xarici siyasətimiz var”

eli hesenov“Bilmirəm, bu gey-parad məsələsi İranın beyninə haradan düşüb?”
“Azərbaycanın ünvanına səslənən tənqidlər sifarişli xarakter daşıyır”. APA-nın məlumatına görə, Prezident Administrasiyasının (PA) ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bir sıra hüquq-müdafiə təşkilatlarının Azərbaycanın ünvanına səsləndirdiyi tənqidi fikirləri belə şərh edib.

“Son vaxtlar bir sıra hüquq-müdafiə təşkilatları, xüsusilə Amnesty International, Human Rights Watch, Almaniyanın bir sıra kütləvi informasiya vasitələri, son vaxtlar isə hətta “Guardian” qəzeti Azərbaycanın imicinə zərər verən, həqiqətə uyğun olmayan bəyanatlar yayır, materiallar dərc edir. Bu işlər mərkəzləşdirilmiş təbliğat xarakteri daşıyır. Son zamanlar “Eurovision” mahnı müsabiqəsi ilə bağlı Azərbaycana qarşı əks-təbliğat əsasən iki yerdən aparılır. Bunların biri İrandır. Olmayan şeylərdən danışırlar, məsələn deyirlər ki, Bakıda gey-parad keçirirlər. Bununla bağlı biz İranı dəfələrlə xəbərdar etmişik. Mən bununla bağlı İrana səfər də etdim. Dedik ki, siz bizə müdaxilə etməyin, biz də sizə. Hər cümə namazından sonra anti-Azərbaycan şüarları ilə aksiyalar keçirirlər. Bilmirəm gey-parad onların beyninə haradan düşüb? Biz Azərbaycanda “Eurovision” mahnı yarışması keçiririk, gey-parad yox. Ümumiyyətlə Azərbaycan dilində gey-parad sözü yoxdur, onlarda isə var”, – deyə PA rəsmisi bildirib.

Sualları cavablandıran Ə. Həsənov deyib ki, İran Azərbaycan dövlətinin şiə dövləti olduğunu iddia edir: “Halbuki Azərbaycanda məzhəb məsələsində ayrı-seçkiliyə yol verilmir. Bizi hərə öz məzhəbinə çəkmək istəyir: vəhhabilər, nəqşibəndilər, nurçular və s. Ancaq biz Quranın, Peyğəmbərin təlqin etdiyi kimi müsəlman olmaq istəyirik”.

Ə. Həsənovun sözlərinə görə, İran istəyir ki, Azərbaycan onun dostları ilə dost, düşmənləri ilə düşmən olsun: “Ancaq bizim öz müstəqil xarici siyasətimiz var. İranın dostunun bizim dostumuz, düşməninin bizim düşmənimiz olması mütləq deyil. Eyni zamanda biz Qərbin də anti-İran siyasətində iştirak etmirik. Həmçinin, Azərbaycan İranın, İran da Azərbaycanın hədəfində ola bilməz. İran müsəlman ölkəsidir, orada bizim 30 milyon soydaşımız yaşayır”.

21.05.2012