Uşaq İnternet Portalının ilkin versiyasının ictimai müzakirəsi

001Cari ilin noyabrın 29-da “ELS” Müstəqil Araşdırmalar Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə sentyabrin 15-dən həyata keçirdiyi “Uşaq İnternet Portalının yaradılması” layihəsi çərçivəsində“Caspian Plaza” Biznes Mərkəzinin konfrans zalında “Uşaq İnternet Portalınınilkin versiyasının ictimai müzakirəsi” mövzusunda Dəyirmi Masa keçirmişdir. Kiv 

Tədbirə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, AR Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və digər aidiyyətli rəsmi qurumların təmsilçiləri, görkəmli mədəniyyət və incəsənət xadimləri, habelə uşaq yaradıcılıq kollektivləri, yerli QHT-lər, beynəlxalq təşkilatlar və KİV nümayəndələri dəvət olunmuşdular.

“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova Azərbaycanda ilk dəfə yaradılan Uşaq İnternet Portalının ilkin versiyasını Dəyirmi Masa iştirakçılarına təqdim etdi. Əsasən böyüklər, xüsusən də valideynlər və uşaqlarla işləyən peşəkarlara, o cümlədən, gənc nəslin nümayəndələrinə ünvanlanan Portalın hələlik yalnız Azərbaycan dilində olduğunu deyən layihə rəhbəri Azərbaycanda uşaq və yeniyetmələrin mədəni inkişafı üçün yaradılmış imkanların dünya ictimaiyyətinə çatdırılması məqsədilə portalın gələcəkdə rus, ingilis, ispan, alman və fransız dillərində də olacağını vurğuladı. Onun sözlərinə görə, Azərbaycanda uşaqlar üçün yazılmış incəsənət əsərlərinin yer aldığı Portalın məlumat bazasında Azərbaycan haqqında məlumatlarla yanaşı, eyni zamanda uşaq və gənclər haqqında qanunvericiliyi tənzimləyən beynəlxalq və milli sənədlər, faydalı linklər və digər zəruri məlumatlar yerləşdirilmişdir.

Portalın uşaqların mədəni, mənəvi və fiziki inkişafından xəbər verən bölmələrində dövlət və qeyri-dövlət uşaq yaradıcılıq mərkəzləri və müxtəlif profilli bir çox məktəbdənkənar müəssisələr haqqında məlumatlar, o cümlədən ekoloji dərnəklər, uşaq-gənclər idman və şahmat məktəblərində, gənc turistlər və diyarşünaslıq mərkəzlərində təhsil alan uşaqların fəaliyyəti və əldə etdikləri uğurlar diqqətdən kənarda qalmayıb. Uşaqların yaradıcılığını əks etdirən əsərlər və əl işləri “Qalereya” bölməsində öz əksini tapmışdır. Qeyd olunanlardan başqa portalda bir çox maraqlı və faydalı məlumatla tanış olmaq olar.

ELS-ın əməkdaşları və könüllüləri ilə yanaşı portalın yaradılmasında tanınmış incəsənət xadimləri, mütəxəssislər, habelə Bakı Slavyan Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri (könüllü qismində) iştirak edirlər.

Müzakirələr zamanı Dəyirmi Masa iştirakçıları gənc nəslin hərtərəfli inkişafında əhəmiyyətli rol oynayacaq Portalın təkmilləşdirilməsinə dair bir sıra təkliflər irəli sürdülər.

Qeyd edək ki, “Uşaq İnternet Portalının yaradılması” layihəsi dekabrın 15-də başa çatacaq.

Mərkəzin Mətbuat xidməti

« 1 of 2 »

 

29.11.2011