Noyabrın 2-də Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində tanınmış uşaq şairi, dramaturq, tərcüməçi və tənqidçi Samuil Yakovleviç Marşakın anadan olmasının 125 illiyinə həsr olunmuş “Kitab ən yaxşı dostumuz və müəllimimizdir” adlı yubiley gecəsi keçirilib. Tədbirin təşkilatçılarından biri də “ELS” Müstəqil Araşdırmalar Mərkəzi idi.
Mərkəzin sərgi zalında S.Y.Marşakın əsərləri əsasında uşaqların çəkdiyi şəkil sərgisinin açılış mərasimi oldu. Burada Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin bədii studiyası və Respublika İncəsənət Gimnaziyasının şagirdləri təqdim olunmuşdur.
Yubiley gecəsində Bakı şəhəri məktəblərinin və bədii qalereyalarının 100-dən çox aşağı sinif şagirdləri, ictimai təşkilat və yaradıcılıq birliklərinin nümayəndələri, jurnalistlər iştirak edirdi.
Rusiya Əməkdaşlıq Nümayəndəliyinin rəhbəri Ənvər Şeyxov gənc qonaqları salamlayarkən dedi ki, S.Marşakın həm Rusiya həm də Azərbaycanda yaradıcılığı iki ölkənin yetişən nəslinin ümumi maraqlarının olmasından xəbər verir.
Gecənin aparıcısı ”ELS” Müstəqil Araşdırmalar Mərkəzinin lbhtrnjhe, texnika elmləri namizədi İradə Yaqubova gənc oxucularına bir çox maraqlı və ibrətamiz əsərlər bağışlayan uşaq yazıçısının həyat və yaradıcılığından söhbət açıb.
S.Y.Marşakın ədəbi irsindən danışan uşaq yazıçısı Gülşən Tofiqqızı özünün də şən şerlərini uşaqlara oxudu. Onun şerləri həm uşaqlar, həm də müəllim və valideynlər tərəfindən rəğbətlə qarşılandı.
Tədbirin mədəni hissəsi Azərbaycanın xalq artisti, Səməd Vurğun adına Rus Dram Teatrının aparıcı aktrisası Aleksandra Nikuşınanın rəhbərliyi altında Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin bədii studiyası və 134 saylı Təhsil Kompleksinin şagirdlərinin çıxışları ilə yadda qaldı. Gənc istedadlar S.Y.Marşakın şerlərini səsləndirdilər və onun əsərləri əsasında hazırladıqları səhnələri təqdim etdilər.
Gecə “Koşkin dom” (Pişiyin evi”) cizgi filminin nümayişi ilə başa çatdı.