“ELS” İctimai Televiziyada ictimai debatlara başladı

07_10_2016“Addım-addım” verilişinin canlı efiri maraqlı anlarla yadda qaldı

Oktyabrın 7-də “ELS-Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyi AR Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və İctimai Televiziya və Radio Yayımları Şirkətinin informasiya, texniki və təşkilatçılıq dəstəyilə həyata keçirdiyi “Ailə, qadın və uşaq problemlərinin həllində milli-mənəvi dəyərlərin rolunun gücləndirilməsi” layihəsi çərçivəsində İctimai Televiziyada ictimai debatlara start verdi. FOTOQALEREYA VİDEO

“Addım-addım” verilişinin canlı efirində “Ailədə milli-mənəvi dəyərlərin qorunması Azərbaycançılığın təməli kimi” mövzusu ətrafında ekspertlər, “ELS-Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyinin sədri və layihənin müəllifi İradə Yaqubova, BDU jurnalistika fakültəsinin dekan müavini Sevinc Əliyeva, şair Vahid Əziz, AR Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiriTaliyə İbrahimova və ilahiyyətçi Ağa Hacıbəyli fikir mübadiləsi apardılar.

Layihənin mahiyyəti haqqında danışan İ.Yaqubovanın fikrincə, yetişən nəslin mədəni-mənəvi cəhətdən formalaşması, milli ənənələrin qorunması, məişət zorakılığının aradan qaldırılması, sağlam ailə modelinin qurulması kimi məsələlər bu gün cəmiyyəti narahat etməyə bilməz. Mövcud problemlərin ictimailəşdirilməsi və həlli vaxtı çoxdan yetişmişdir və bu üzdən layihənin gerçəkləşməsi qaçılmazdır.

Layihə rəhbəri müzakirəyə çıxarılan məsələlərlə bağlı layihə çərçivəsində ölkənin 21 ali təhsil müəssisəsinin 1050 tələbəsi arasında sorğu keçirildiyini və maraqlı cavablar əldə edildiyini vurğuladı. Belə ki, müasir ailələri ənənəvi Azərbaycan ailələrindən fərqləndirən cəhətləri qeyd edən respondentlər müasir ailələrin daha müstəqil, demokratik, qərarlar birgə verdiklərini, qadınların daha sərbəst olmalarını, uşaqların tərbiyəsinə daha demokratik yanaşmanın vacibliyini qeyd ediblər. Gənclər müasir ailələrdə dözümsüzlüyün, qarşılıqlı anlayışın zəifləməsi, ailə dəyərlərinin zəifləməsi, boşanmağa meyilliliyin artmasını, qohumluq əlaqələrinin, ünsiyyətin azalmasını da dilə gətiriblər.

Bir saat ərzində canlı efirdə səslənən ekspertlərin maraqlı fikirləri ailədə milli-mənəvi dəyərlərin qorunması və bu məsələdə ilk öncə valideynlər, sonra isə cəmiyyətin məsuliyyət daşıdığını əks etdirirdi. “Azərbaycanın Avropaya inteqrasiya etdiyi bir vaxtda ailədaxili münasibətlər və ailədə milli ənənələrin qorunması hər birimizin başlıca vəzifə və amalımızdır” – deyən ekspertlərin qənaətinə görə, Azərbaycançılıq ideyasınıgənclərdə uşaqlıq illərindən formalaşdırmaq lazımdır. Ata-babalarımızdan bizə miras qalan ailədaxili münasibətlərin ciddi əxlaq normalarına söykənməsi – böyüklərə hörmət və ehtiram, kiçiklərə sevgivə qayğı kimi milli dəyərlər qorunmalı və gələcək nəsillərə ötürülməlidir.

Qeyd edək ki, “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin layihəsi çərçivəsində müzakirələr oktyabr-noyabr aylarında İctimai Televiziyanın efirində davam etdiriləcəkdir.


8.10.2016