Referendumla bağlı təbliğat-təşviqat kampaniyası başlayıb

Martın 18-də keçiriləcək referendumla bağlı təbliğat-təşviqat kampaniyası başlayıb. Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətindən verilən məlumata görə, referendumla bağlı qeydə alınmış təşviqat qrupları bu gündən qanunda nəzərdə tutulmuş təbliğat və təşviqat vasitələrindən istifadə etməklə kampaniyanı apara bilərlər. Təşviqat qruplarının kampaniyanı aparması üçün onların hər birinə dövlət büdcəsindən 23 min manat pul vəsaiti ayrılıb, həmçinin televiziyada pulsuz efir vaxtı verilib və dövlət büdcəsindən maliyyələşən qəzetlərdə yer ayrılıb. Təbliğat-təşviqat kampaniyası səsverməyə 24 saat qalmış – martın 17-si saat 8.00-da dayandırılacaq.

Qeyd edək ki, MSK-da 9 təşviqat qrupu – “Yeni Azərbaycan”, “Tərəqqi”, “Zəka”, “Şəhər”, “Davamlı İnkişaf Naminə”, “Vətəndaş Cəmiyyəti”, “Hüquq və Demokratiya”, “Qarabağ və Respublika Uğrunda”, “Respublikaçılar” qrupları qeydiyyatdan keçib və kampaniyada iştirak etmək hüququ qazanıblar.

18.02.2009