“ELS” Müstəqil Araşdırmalar Mərkəzi Salyanda dəyirmi masa keçirdi

Resize of IMG_1710İyunun 8-də “ELS-Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsinin təbliğində vətəndaş cəmiyyətinin iştirakının gücləndirilməsi” layihəsi çərçivəsində Salyan şəhərində dəyirmi masa keçirdi. FOTOQALEREYA

Yerli icra hakimiyyəti, icma üzvləri, ilk peşə təhsili lisey və məktəbləri, orta təhsil məktəbləri, valideynlər və şagirdlərin birgə iştirakılə keçən tədbirdə layihənin rəhbəri İradə Yaqubova ilkin mərhələdə Salyan, Cəlilabad və Bərdə rayonlarında monitorinqlərin keçirildiyini, sənətkarların fəaliyyəti ilə bağlı videoçəkilişlərin aparıldığını bildirdi. Onun sözlərinə görə, bu gün peşəkarlar əsasən sovet dövründə formalaşan şəxslərdir. Bir neçə ildən sonra onlar yerini kimlər tutacaq? -sualını verən İ.Yaqubovanın qənaətinə görə, bu sahədə aparılan köklü islahatlarla yanaşı cəmiyyət üzvlərinin peşə təhsilinə münasibətini dəyişdirmək lazımdır ki, gənclərin peşə məktəblərinə marağı və inamı artsın. Həmçinin, orta məktəblərlə ilk peşə məktəbləri arasında əməkdaşlıq əlaqələri gücləndirilməlidir.

Ekspert Orxan Cabbarlı peşə təhsilinin təbliğinin gücləndirilməsinin zəruriliyindən danışarkən, müəyyən ixtisaslarla bağlı şagirdlərdə təəssuratlar yaratmaq məqsədilə layihə çərçivəsində videoçarxların hazırlandığını dedi. Regionlarda orta məktəblərlə peşə liseyləri arasında qarşılıqlı əlaqənin lazımi səviyyədə olmadığını, peşə ixtisaslarına marağın azlığını dilə gətirən ekspert bu sahədə ciddi addımların atılmasının vacibliyini vurğuladı. Sözügedən videoçarxlar nümayiş olunandan sonra tədbir iştirakçıları arasında mövzu ilə bağlı fikir mübadiləsi aparıldı.

« of 2 »

8.06.2017