Azərbaycanın ilk qadin-bəstəkarının yubiley gecəsi keçirildi

Agabaci_Rzayeva_06Dekabrın 10-da Rəşid Behbudov adına Mahnı Teatrında dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin tələbəsi, həm Azərbaycan, həm də bütün Şərqdə peşəkar musiqi təhsili almış ilk qadın-bəstəkar, əməkdar incəsənət xadimi, ictimai xadim Ağabacı xanım Rzayevanın anadan olmasının 100 illiyinə həsr olunmuş yubiley gecəsi keçirildi.

Azərbaycanın incəsənət xadimləri, ictimaiyyət və kütəvi informasiya vasitələri nümayəndələrini iştirak etdiyi gecədə çıxış edən Azərbaycan Mədəniyyət və Turizm nazırının müavini Ədalət Vəliyev və Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə həyatının 40 ilini Azərbaycan musiqisinin inkişafına həsr etmiş Ağabacı Rzayevanın həyat və yaradıcılığı, milli musiqimizin inkişafında mühüm xidmətləri haqqında danışdılar. Qeyd olundu ki, bu gün “Evimizə gəlin gəlir”, “Toy mahnısı”, “Barmağıma üzük tax”, “Kəklik”, “Ey pəri”, “Telli sazım”, “Nazlı dilbər”, “Çoban Qara”, “Muğan qızı”, “Neftçi Qurban”, o cümlədən 300-dən artıq mahnı, romans, xor əsərləri və instrumental janrda yazdığı musiqilərdə yaşayan A.Rzayevanın hər bir mahnısının melodiyası, hər bir romansının akkordları çox sadə, eyni zamanda sadə olduğu qədər də dərin məzmunlu idi.

Yubiley gecəsində mərhum bəstəkarın “Sənin xatirən” və “Oxuma gözəl” romansları, instrumental əsərləri, “Kukla”, “Qərənfiləm mən” uşaq mahnıları,  “Ey pəri”, “Telli sazım”, “Evimizə gəlin gəlir”, “Kəklik”, “Şuşanın yolları” və digər musiqi əsərləri tanınmış müğənnilərin ifasında səsləndirildi.

Qeyd edək ki, Ağabacı Rzayevanın yubiley gecəsi “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin təşkilat dəstəyi ilə təşkil olunmuşdu.

« of 2 »

11.12.2012