Azərbaycan Milli Məclisinin daimi komissiyaları komitələrə çevrilir

Dəyişikliyə əsasən, Milli Məclisin daimi komissiyaları daimi komitələr adlandırılacaq. Bu məsələ “Azərbaycan Respublikası Konstitusiyasına təklif edilən əlavə və dəyişikliklər haqqında” Referendum Aktı layihəsində də əksini tapıb. Konstitusiyanın Milli Məclisin işinin təşkilindən bəhs edən 92-ci maddəsinə edilən təklifdə qeyd olunur ki, Azərbaycan Respublikasının Milli Məclisi öz iş qaydasını müəyyən edir və Milli Məclisin müvafiq orqanlarını yaradır, o cümlədən öz sədrini və onun müavinlərini seçir, komitələr və komissiyalar təşkil edir, Hesablama Palatası yaradır.

Qeyd edək ki, hazırkı variantda “komitələr və” sözlərinin yerində “daimi və başqa” sözləri yer alıb.

Məsələni APA-ya şərh edən Milli Məclisin Hüquq siyasət və dövlət quruculuğu komissiyasının üzvü Rafael Cəbrayılov bildirib ki, dünyanın bir çox ölkələrinin parlamentlərində komitələr fəaliyyət göstərir: “Bu təklif qəbul edilərsə, Milli Məclisdə komitələrin sayı arta da bilər”.

Təkliflərdə “komissiyalar” sözünün saxlanması və komissiyaların funksiyalarına gəlincə, deputat Milli Məclisin eyni zamanda hər hansı məsələ ilə bağlı komissiya yarada biləcəyini söyləyib: “Məsələn, bu gün Milli Məclis yanında Toponimiya komissiyası fəaliyyət göstərir. Belə komissiyalar başqa məsələlərlə bağlı da yaradıla bilər”.

31.01.2009