Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Zaqatalada zəlzələ nəticəsində dağılan məktəblərin şagirdlərini buraxılış imtahanlarından azad edəcək. APA-nın məlumatına görə, bu barədə TQDK sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, artıq Komissiya bununla bağlı Fövqəladə Hallar Nazirliyinə (FHN) müraciət edib: “Nazirlər Kabineti tərəfindən təsdiq olunan qaydalara əsasən, TQDK-ya fövqəladə hallarda buraxılış imtahanlarından azad etməklə bağlı səlahiyyət verilib. FHN bu gün Zaqatalada həddən artıq dağıntılara məruz qalan məktəblərin siyahısını TQDK-ya verəcək. Bundan sonra bu həftə ərzində buraxılış imtahanlarından azad olunan məktəblərin siyahısı elan ediləcək. Həmin məktəblərin şagirdlərinin qiymətləndirilməsi dərs ili ərzindəki illik qiymətləndirməyə əsasən aparılacaq”.
Zaqatalada zəlzələ nəticəsində dağılan məktəblərin şagirdləri buraxılış imtahanlarından azad ediləcək
14.05.2012