APA-nın təşkilatın rəsmi saytına istinadən verdiyi məlumata görə, uzunmüddətli müşahidə missiyasının nümayəndələri sentyabrın 11-dən yerlərdə seçkiqabağı durumu öyrənmək məqsədilə bölgələrə gedəcəklər. ATƏT DTİHB-in qısamüddətli müşahidə missiyası isə Azərbaycana oktyabrın 5-də gələcək. Bu missiyanın üzvləri oktyabrın 7-də regionlara gedəcəklər.
Seçkilərdən bir gün sonra, oktyabrın 10-da ATƏT DTİHB-in missiyası mətbuat konfransı keçirərək ilkin müşahidələrin nəticələrini açıqlayacaqlar. Qısamüddətli missiya Azərbaycanı oktyabrın 11-də, uzunmüddətli missiya isə oktyabrın 15-də tərk edəcək. Bu missiyalar seçkiləri Azərbaycan hökumətinin dəvəti əsasında müşahidə edir.
Tana de Zuluetanın rəhbərlik etdiyi, 13 beynəlxalq ekspertdən ibarət uzunmüddətli missiyanın mənzil-qərargahı Bakıda yerləşəcək, 30 müşahidəçi isə regionlara göndəriləcək. ATƏT DTİHB-in qısa müddətli missiyasının tərkibinə 280 müşahidəçi daxil olacaq.
Xatırladaq ki, ATƏT DTİHB 1995-ci ildən etibarən Azərbaycanda 8 seçkini, o cümlədən 2008-ci ildə keçirilən prezident seçkilərini müşahidə edib.