XI Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının təntənəli bağlanış mərasimi olub

Bakıda Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən XI Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının sentyabrın 30-da təntənəli bağlanış mərasimi olub. Tədbirdə mədəniyyət naziri, ictimai təşkilatların nümayəndələri, tanınmış mədəniyyət və incəsənət xadimləri, musiqisevərlər iştirak ediblər.

Bağlanış mərasimində dirijor Mustafa Mehmandarovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və beynəlxalq müsabiqələr laureatları Elnarə Məmmədova (Azərbaycan-Rusiya), Regina Rüstəmova (Rusiya), İlham Nəzərov (Azərbaycan), Mahir Tağızadə (Azərbaycan), Cəbrayıl İdrisov (Özbəkistan), Ümid İsrailov (Özbəkistan), Giorgi Çelidze (Gürcüstan) və başqaları çıxış ediblər.

Dahi bəstəkarın doğum gününün musiqi bayramı kimi qeyd edilməsi ənənəsi ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli liderin 1995-ci ildə – bəstəkarın 110 illik yubileyi münasibətilə imzaladığı Fərmanla hər il sentyabrın 18-i ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur

XI Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalında Azərbaycan, ABŞ, Rusiya, Çin, Türkiyə, İtaliya, Özbəkistan, Belarus, Bolqarıstan, Ukrayna və Gürcüstandan tanınmış musiqi kollektivləri çıxış ediblər. Festival günlərində paytaxtın bir sıra konsert salonlarında – Beynəlxalq Muğam Mərkəzində, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, Azərbaycan Bəstəkarlar İttifaqında, Bakı Musiqi Akademiyasında, Heydər Əliyev Sarayında, Azərbaycan Dövlət Akademik Musiqili Teatrında ümumilikdə 40-a yaxın tədbir keçirilib.

Festival günlərində Xalq artisti, bəstəkar Aygün Səmədzadənin “Azərbaycan 100 mahnıda” layihəsinin, Azərbaycan Bəstəkarlar İttifaqında Əməkdar incəsənət xadimi, akademik Zemfira Səfərovanın “Azərbaycan musiqi tarixi” kitabının təqdimatları, Soltan Hacıbəyovun 100 illiyinə həsr olunmuş yubiley gecəsi və digər təqdimatlar olub.

1.10.2019