VII Qlobal Bakı Forumu işə başlayıb

Martın 14-də Azərbaycanın paytaxtında “Dünyanın yeni xarici siyasəti” mövzusunda VII Qlobal Bakı Forumu işə başlayıb. Bu barədə Trend-ə Prezidentin Mətbuat xidmətindən məlumat verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun açılış mərasimində iştirak edir.

Forumu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin açıb.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev nitq söyləyib. Forum iştirakçılarını salamlayan Prezident Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin inkişafından məmnunluğunu bildirib. Mərkəzin coğrafi əhatə dairəsinin genişlənməsinin, Bakı Forumunun ardınca dünyanın müxtəlif ölkələrində tədbirlər keçirməsinin önəmini qeyd etdi və bunu Nizami Mərkəzinin artan nüfuzunun göstəricisi kimi dəyərləndirdi. VII Qlobal Bakı Forumunun dünyada mühüm beynəlxalq platformaya çevrildiyini dvə bu Forum çərçivəsində qlobal əhəmiyyət daşıyan məsələlər ətrafında müzakirələr aparılmasının əhəmiyyətini qeyd etdi. Dövlətimizin başçısı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin işinə bundan sonra da ölkəmizin dəstək verəcəyini vurğulayıb.

Üç gün davam edəcək bu mötəbər tədbirə 50 ölkədən 500-dən artıq nümayəndə qatılıb. Forum çərçivəsində keçiriləcək 10 sessiyada qlobal və regional əhəmiyyət daşıyan məsələlər müzakirə ediləcək.

14.03.2019