Təhsil Nazirliyi yanında İctimai Şuraya seçkilər keçiriləcək

Sentyabrın 4-də Təhsil Nazirliyi yanında İctimai Şuraya seçkilər keçiriləcək. Nazirlikdən Trend-ə verilən məlumata görə, seçkilər Azərbaycan-Fransız Universitetinin akt zalında (ünvan: Nizami küçəsi, 183) təşkil ediləcək.

Qeyd edək ki, İctimai Şuraya namizədliyə və seçici qismində iştirakla bağlı Təhsil Nazirliyinə (elektron qaydada və ya Vətəndaşların Qəbulu Mərkəzinə) 125-dən çox müraciət daxil olub. Həmin müraciətlər Təhsil Nazirliyinin və vətəndaş cəmiyyəti institutlarının nümayəndələrindən təşkil olunmuş Seçki Komissiyası tərəfindən yoxlanılıb. Seçkilərdə sənədləri qanunvericilikdə nəzərdə tutulmuş tələblərə uyğun olan 44 seçici və 34 namizəd rəsmi qeydiyyata alınıb.

Seçkilərin nəticələri barədə ictimaiyyətə məlumat veriləcək.

Təhsil Nazirliyi yanında İctimai Şura Təhsil naziri Ceyhun Bayramovun 11 iyul 2019-cu il tarixli əmrinə əsasən yaradılır. İctimai Şura təhsil sahəsində müxtəlif məsələlərin müzakirəsi üçün məsləhətləşmələr təşkil etmək, təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsi ilə bağlı nazirliyə təkliflər vermək və qanunvericiliklə müəyyən edilmiş digər hüquqlara malik olan məşvərətçi qurum olacaq.

3.09.2019