Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Bakı Ağ Şəhər”də görülən və görüləcək işlərlə tanış olublar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Bakı Ağ Şəhər”də 110 kilovoltluq “Ağ Şəhər-2” və “Bakıxanov” yarımstansiyalarının, Birinci Fəvvarələr küçəsinin açılışında, eləcə də “Ağ Şəhər” piyada körpüsünün və Zaman meydanının təməlqoyma mərasimində iştirak ediblər, tikintisi yekunlaşan Fəvvarələr Meydanı Parkı ilə tanış olublar. Məlumatı AzərTac xəbər verir.

“Ağ Şəhər-2” yarımstansiyası vasitəsilə 75 min əhali abonentin elektrik təchizatı həyata keçiriləcək. Həmçinin ərazidə yeni inşa olunan sosial obyektlər, otellər, əyləncə kompleksləri, Ağ Şəhər bulvarı, yeni layihələndirilən tikinti obyektləri, yaşayış kompleksləri “Ağ Şəhər-2” yarımstansiyası vasitəsilə enerji ilə təchiz olunacaq. “Ağ Şəhər-2” yarımstansiyası ilə yanaşı, layihə çərçivəsində “Bakı Ağ Şəhər”də 35/0,4 kilovoltluq yeddi yarımstansiya da inşa edilib.

Prezident İlham Əliyev məsafədən idarə olunan SCADA dispetçer sistemi vasitəsilə “Ağ Şəhər-2” yarımstansiyasını və 110/35/10 kilovoltluq “Bakıxanov” yarımstansiyasını işə saldı.

Sonra Birinci Fəvvarələr küçəsinin açılışı oldu. “Ağ Şəhər” yollarının təmir işləri çərçivəsində cari ildə Birinci Fəvvarələr küçəsinin Nobel prospektinə çıxışı təmin olunub. Uzunluğu 560, eni isə 32 metr olan bu küçə Yaşıl Ada və Fəvvarələr Meydanı kvartallarını kəsir və şimalda Mərkəzi Bulvar küçəsinə, cənubda isə Nobel prospektinə çıxır.

Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tikintisi yekunlaşan Fəvvarələr Meydanı Parkı ilə tanış oldular.

Sonra dövlətimizin başçısına ötən illərdə “Ağ Şəhər”də həyata keçirilən və perspektivdə reallaşdırılması nəzərdə tutulan layihələr barədə məlumat verildi.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağ Şəhər piyada körpüsünün və Zaman meydanının təməlini qoydular.

24.12.2018