Prezident İlham Əliyev Qəbələdə

Oktyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qəbələ rayonuna səfərə gəlib. Azərbaycan Prezidentinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, dövlətimizin başçısı ümummilli lider Heydər Əliyevin Qəbələ şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Prezident İlham Əliyevə son illər rayonda görülən işlər, həyata keçirilən layihələr barədə məlumat verilib. Bildirilib ki, rayonun sosial-iqtisadi göstəriciləri xeyli yaxşılaşıb, çoxlu sosial infrastruktur obyektləri tikilib, istehsal müəssisələri yaradılıb.

Prezident İlham Əliyev 28-də Qəbələ rayonunun Vəndam qəsəbəsində dekorativ gülçülük istixanası ilə tanış olub. Dövlətimizin başçısına istixanada görülən işlərlə bağlı məlumat verilib. Bildirilib ki, “AzRose” MMC xüsusi qızılgül növlərinin yetişdirilməsi üçün Qəbələ rayonunun Vəndam kəndində istixanaların quraşdırılması işlərinə 2017-ci ildən başlayıb. Burada “Red Naomi”, “Avalanj”, “Talea”, “Aqua”, “Sweet Avalanj”, “Jumilia”, “Wow” və “London eye” kimi xüsusi qızılgül növləri yetişdirilir, yerli və xarici bazarlara satışa çıxarılması hədəflənir. Bu məhsullar bazara “Made in Azerbaijan” brendi ilə çıxarılacaq.

Sonra Prezident yenidənqurmadan sonra istismara verilən 110/35/10 kilovoltluq “Qəbələ” elektrik yarımstansiyasında yaradılan şəraitlə tanış olub. Dövlətimizin başçısı “Qəbələ” elektrik yarımstansiyasını və eyni zamanda, 110/35/10 kilovoltluq “Ağdaş” elektrik yarımstansiyasını işə salıb.

Prezident İlham Əliyev Qəbələ rayonunun Böyük Əmili-Bılıx-Əmirvan avtomobil yolunun yenidənqurmadan sonra açılışında, sonra da “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Qəbələ filialının açılış mərasimində olub. Filialda yaradılan şəraitlə tanışlıqdan sonra Prezident İlham Əliyev müəssisənin kollektivi ilə görüşüb.

Sonra dövlət başçısı istifadə verilən Qəbələ şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin açılışında olub.

28.10.2019