“ELS” Yay Olimpiya Oyunlarında iştirak edən idmançıları təbrik edir

rio_2016Azərbaycan 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında böyük uğurla iştirak edib. 5-21 avqust tarixləri arasında Braziliyada baş tutan XXXI Yay Olimpiya Oyunlarında ölkəmiz 56 idmançı ilə 17 idman növündə təmsil olunub. Azərbaycan idmançıları “Rio-2016” Yay Olimpiya Oyunlarında 18 medal (1 qızıl, 7 gümüş və 10 bürünc) qazanıb.

“ELS” Müstəqil Araşdırmalar Mərkəzi “Rio-2016” Yay Olimpiya Oyunlarında iştirak edən və qələbə qazanan bütün idmançıları qələbə münasibətilə təbrik edir. Bu Olimpiya Oyunlarında Azərbaycan idmançıları növbəti dəfə öz xalqına qələbə sevinci nəsib edib. 

Azərbaycanın “Rio-2016”-da qazanadığı uğurlar dünyada tanınmış media qurumları tərəfindən təqdir olunub. “The Telegraph” qəzeti yarışların nəticələrinin analizinə həsr etdiyi məqaləsində qeyd edib ki, Azərbaycan komandası Rio-de-Janeyroda keçirilən Yay Olimpiya Oyunlarının orta hesabla hər idmançıya düşən medal sayına görə ən effektiv komandasıdır. Qəzetin yazdığına görə, Azərbaycan komandası o qədər də çox sayda olmayan idmançı, cəmi 56 atletlə yarışlara qatılıb və hər idmançıya görə orta hesabla 0.3 medal qazanıb.

Onu da qeyd edək ki, 1991-ci ildə müstəqillik qazanan Azərbaycan üçün Rio-de-Janeyro Olimpiadası sayca yeddinci Yay Olimpiya Oyunları olub. Azərbaycan Olimpiya hərəkatı tarixində ilk dəfə rekord sayda, 56 idmançı ilə təmsil olunub. Buna qədər Azərbaycanın rekord göstəricisi London Olimpiadasında 53 idmançı ilə qeydə alınıb. Azərbaycan ilk dəfə olaraq “Rio-2016”-da kamandan oxatma, kanoe slalom, trek velosipedi və triatlon idman növlərində təmsil olunub.

Azərbaycan yığmasının ən gənc idmançısı 14 yaşlı üzgüçü Fatimə Alkərəmova, ən yaşlı idmançısı isə 33 yaşlı kanoeçi İnna Osipenko-Radomskadır. Həmçinin 56 idmançımızdan 33 nəfəri ilk dəfə Olimpiya Oyunlarına qatılıb.

Həmçinin Azərbaycanı Rio-de-Janeyro Olimpiadasında idmançılarla yanaşı, yeddi hakim də təmsil edib.

22.08.2016