Mütaliəyə bugünkü münasibət bizi qane edirmi?

27.05.2015“Açıq dərs”də “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin müzakirələri davam edir

Mayın 27-də ELS” Müstəqil Araşdırmalar Mərkəzi-İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökümət Təçkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı, Azərbaycan Respublikası Təhsil Nazirliyi və İctimai Televiziyanın dəstəyilə həyata keçirdiyi “Milli-mənəvi dəyərlərin qorunmasında informasiya-kommunikasiya texnologiyalarının rolunun gücləndirilməsi” layihəsi çərçivəsində İctimai Televiziyanın “Açıq dərs” verilişində növbəti aktual mövzusu müzakirəyə çıxarılmışdır.

Studiyanın ekspertləri “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri, texnika elmləri üzrə fəlsəfə doktoru İradə Yaqubova, Mədəniyyət və Turizm Nazirliyinin Kitab dövriyyəsi sektorunun müdiri, tarix üzrə fəlsəfə doktoru Lətifə Məmmədova, yazıçı,“Sehrli Dünya” jurnalının baş redaktoru Gulzar Ibrahimova və sevimli şairimiz Vahid Əziz orta ümumtəhsil məktəblərinin müəllim, kitabxana müdirləri  və şagirdləri ilə birgə “Kitab dostumuzdur, yoxsa…? Mütaliəyə bugünkü münasibət”  mövzusu ətrafında fikir mübadiləsi aparmışlar. FOTOQALEREYA

Layihənin rəhbəri İradə Yaqubova “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin 10 il müddətində mütaliə ilə bağlı apardığı sorğuların aprel ayında keçirilmiş son sorğunun nəticələrini müqayisə etmək və vəziyyətin dəyişməsini izləmək imkanı yaratdığını vurğuladı.Onun sözlərinə görə, sorğuya orta ümumtəhsil məktəbləri ilə barabər ali təhsil müəssisələri da cəlb olunmuşdur. “Kitab oxuyanların sayı son vaxtlar artıb, amma əfsuslar olsun ki, kəmiyyət dəyişib, yəni kitab oxuyanların 92%-i yalnız müəllimin tapşırdığı ədəbiyyatı oxuyur. Digər tərəfdən, soruşulanların 80%-i bədii ədəbiyyatı ümumiyyətlə oxumur. Asudə vaxtlarında şagird və tələbələr daha çox informasiya-kommunikasiya texnologiyaları, xüsusən də sosial şəbəkələrdən istifadə edirlər ki, bu da internetdə bədii əsərləri yerləşdirib onları mütaliəyə cəlb etmək imkanı verir.

Şair Vahid Əziz bu ilin əvvəlindən artıq yeddi məktəbdə şagirdlərlə görüşdüyünü və orada Təhsil Nazirliyi tərəfindən orta məktəblərdə mütaliəyə marağın artırılması ilə bağlı tədbirlər həyata keçirdiyini öyrəndiyini dedi. “Bu görüşlər zamanı şagirdlər istər-istəməz yazıçının 20-30 əsəri haqqında məlumat əldə edir. Onu da deyim ki, kitab mağazalarında son vaxtlar yazıçılarımızın kitabları alınır. Mən burada oturan körpə balalara demək istəyirəm ki, mənim indiki ağlım orta məktəbdə oxuyanda olsaydı, bütün oyunları bir kənara atıb ancaq kitab oxuyardım” – deyə, şair əlavə etdi. Onun sözlərinə görə, ziyalı, vətəndaş, ümumiyyətlə hər hansı sahənin peşəkarı olmaq üçün ilk növbədə gərək kitab oxuyasan.

Mədəniyyət və Turizm Nazirliyinin Kitab dövriyyəsi sektorunun müdiri Lətifə Məmmədova 21-ci əsrin informasiya əsri, biliklər cəmiyyəti olduğunu və şübhəsiz ki, bədii əsərlərin oxunmasının vacib olduğunu, bununla belə, uşaqların dünyagörüşünü elmi-populyar ədəbiyyatın genişləndirdiyini vurğuladı. Onun sözlərinə görə, Mədəniyyət və Turizm Nazirliyi artıq 7 ildir ki, may ayında respublikanın bütün 64 regionunda ənənəvi kitab bayramları keçirir. Bundan başqa, bir çox rayonlarda pilot layihələr həyata keçirir. Söhbət mütaliə həftələrindən gedir. Belə ki, bir həftə ərzində parklarda, kitabxanaların qarşısında həm böyüklər, həm də uşaqlar üçün kitab və jurnallar sərgilənir. Şübhəsiz ki, bu gün mütaliə məsələsi təkcə Azərbaycanı deyil, bütün dünyanı bürüyən qlobal bir problemdir. Kitab daşıyıcısı əsrlər boyu dəyişilib və bu gün elektron kitablar oxunursa, bu müsbət haldır. Mədəniyyət və Turizm Nazirliyi bu istiqamətdə çox işlər görür, məsələn, layihələrdən biri də bərpa nəşrdir. “Kitabxanalarda olmayan yaxud bir nüsxədə olan kiril qrafkası ilə olan kitab konvertasiya olunur və regionlara paylanılır” – deyə, L.Məmmədova qeyd etdi.

Sehrli Dünya” jurnalının baş redaktoru, yazıçı Gulzar Ibrahimova uşaqlar üçün 40-a yaxın nağıl yazdığını və həmin nağılların uşaqların dilində, onlar üçün maraqlı olan formatda yazıldığını vurğuladı. O, ibtidai sinif şagirdlərinin maraq göstərdiyi “Sirus və Virusun macəraları” kitabından məlumat verərək burada xeyr və şərin dostluğundan söhbət getdiyini bununla da uşaqların bilikləndiyini, həm də təxəyyülünün inkişaf etdiyini dedi. Yazıçı mütəmadi olaraq uşaqlarla söhbət edib onların hansı səpkidə nağıllar istədikləri ilə də maraqlanır.

İradə Yaqubova yazıçının gözdən əlil uşaqlar üçün audiodisklərə səsli nağıllar yazdırdığını və təmənnasız olaraq onlara hədiyyə etdiyini bildirdi.

Sonra ekspertlərin söhbətinə müəllimlər, kitabxana müdirləri və şagirdlər qoşuldu və mövzu daha maraqlı və dolğun xarakter aldı.

28.05.2015