Müqəddəs Ramazan ayı başladı

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik edib

Mayın 6-ı müqəddəs Ramazan ayının ilk günüdür. Trend-in məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının fətvasına əsasən, bu il Azərbaycanda Ramazan ayının birinci günü miladi təqvimlə mayın 6-na, Eydül-Fitr (Fitr bayramı) isə iyunun 5-ə təsadüf edəcək və həmin gün ölkədə bayram namazı qılınacaq.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycan xalqını Ramazan ayının başlanması münasibətilə təbrik edib.  “Ramazan ayı birlik və həmrəylik, hörmət və qarşılıqlı anlaşma dövrü olacaq. Qoy Ulu Tanrı bu müqəddəs günlərdə sizin bütün dualarınızı eşitsin və qəbul etsin. Sizə sülh, xoş günlər, səadət və rifah arzulayıram”.

Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının 2019-cu il üzrə hesablamalarına görə, Ramazan ayının 1-i Ayın ölkə ərazimizin üfüqünə uyğun görünməsinə əsasən Miladi tarixlə mayın 6-na təsadüf edəcək və Ay göründüyü andan Ramazani-şərif başlayacaq. Mayın 5-dən 6-na keçən gecə isə niyyət gecəsidir.

Qurani-Kərimin nazil edildiyi Qədr gecələrinin olduğu, günahların silindiyi və savabların ikiqat artdığı Ramazan ayında oruc tutmaq Uca Yaradan tərəfindən bütün müsəlmanlara vacib edilib. Bəşərin hidayət rəhbəri olan müqəddəs kitabımızda bu İlahi əmr barədə belə buyurulur: “İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) Ramazan ayında nazil edilmişdir. Aya (Ramazan ayına) yetişən şəxslər (bu ayı) oruc tutsunlar” (“Bəqərə”, 185). Orucun fəzilətlərindən bəhs edən Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Oruc (insanı) cəhənnəm odundan qoruyan bir qalxandır”.

Oruc ibadəti mənəvi saflığa, tibbi cəhətdən sağlam olmağa, pis vərdişlərdən uzaq durmağa və Allah yolunda xeyirxah işlər görməyə səbəb olur. İlahi dərgaha edilən həmd-sənanın açarı olan orucun sayəsində insan aclığa, susuzluğa tab gətirərək nəfsani istəklərinə qalib gəlir.

Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür. Fitrə canın sədəqəsi sayılır və imkanı olan müsəlman ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarıb imkansızlara, ehtiyaclı ailələrə verməyə mükəlləfdir. Adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi məsləhət görülür.

Allah orucunuzu qəbul etsin!

6.05.2019