Məktəblərdə dərsliklərin paylanılması başa çatıb

Bütün ümumtəhsil məktəblərində təhsil alan şagirdlərə 2019-2020-ci tədris ili üçün nəzərdə tutulmuş dərsliklərin paylanılması ilə bağlı başlanmış işlər başa çatdırılıb. Dərsliklərin şagirdlərə paylanılması sentyabrın 6-da yekunlaşıb. Trend-in məlumatına görə, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat katibi Bəşarət Məmmədov məlumat verib.

O bildirib ki, müraciət edən bütün valideynlər sentyabrın ilk günlərində müvafiq dövlət ümumtəhsil məktəbindən dərslikləri əldə ediblər. Bu, tədris ili başlananadək şagirdlərin bütün dərsliklərlə təmin edilməsinə imkan verir və uşaqların yeni dərsliklərlə ilkin tanışlığına, ilk dərs gününə daha həvəslə hazırlaşmalarına zəmin yaradır. Hər hansı səbəbdən dərsliklərlə təminatda çətinlik yaranarsa, bu barədə məktəb rəhbərliyinə məlumat verilməlidir.

Bəşarət Məmmədov deyib: “Şagird və valideynlərin nəzərinə o da çatdırılır ki, mövcud qaydalara görə dərsliklərdən istifadə müddəti dörd ildir və yalnız istifadə müddətini başa vurmuş dərsliklər yeniləri ilə əvəz olunur. 2019-2020-ci tədris ilində şagirdlərin istifadəsinə veriləcək dərsliklər əvvəlki illərdə istifadə olunmuş və 2019-cu ildə yeni çap olunmuş dərsliklərdir. Əsas tövsiyələrimizdən biri də ondan ibarətdir ki, məktəblilər dövlət tərəfindən təmin olunan dərsliklərə qayğı ilə yanaşmalı, valideynlər də övladlarına bu istiqamətdə nəzarəti unutmamalıdırlar”.

Qeyd edək ki, 2019-2020-ci tədris ilinə dövlət ümumtəhsil müəssisələrinin I-XI sinifləri üçün 322 adda 5 milyon 668 min 865 nüsxə dərslik və metodik vəsait çap edilib. Dərslik təminatı ilə yanaşı, yeni dərs ili üçün məktəblərin təmir-tikinti işləri, maddi-texniki təminatı prosesi də kifayət qədər geniş miqyasda aparılıb və yeni dərs ilinin ilk günündən bütün tədris ocaqlarının qapıları məktəblilərin üzünə açıqdır.

9.09.2019