“ELS” Müstəqil Araşdırma Mərkəzi həyacan təbili çalır

11.04.2012Uşaq verilişləri ilə bağlı ölkə teleməkanında müşahidə olunan vəziyyət heç də ürəkaçan deyil

Aprelin 11-də “Caspian Plaza” Biznes Mərkəzinin konfrans zalında “ELS” Müstəqil Araşdırmalar Mərkəzi “Azərbaycan efir məkanının gənc nəslin formalaşmasına təsiri: problemlər, risklər və həlli yolları” adlı dəyirmi masa keçirib. Tədbirdə, dövlət qurumları, ictimaiyyət və KİV təmsilçiləri ilə yanaşı İTV, LİDER, SPACE, ANS, Dünya TV-nin səlahiyyətli şəxsləri də iştirak edib. ELS-in rəhbəri İradə Yaqubova2012-ci ilin 16 yanvar tarixindən başlayaraq bir ay müddətində ölkə efir məkanının uşaq və gənclər proqlamlarının monitorinqinin aparıldığını və bir il əvvəl, 2011-ci ilin yanvar-fevral ayında aparılmış araşdırmanın nəticələri ilə müqayisə olunduğunu bildirib. Kiv

Müəyyən edilmişdir ki, telekanallarda uşaq verilişləri üçün ayrılan efir vaxtı müxtəlif olsa da, 2011-ci ildə olduğu kimi o qədər də çox deyil. Belə ki, ümumölkə telekanallarda ya cüzi artım, və ya azalma aşkarlanmışdır ki, ümumi orta hesabla verilişlərin vaxtı 2011-ci ildəki 7,9%-dən 2012-ci ildə 6,3%-ə qədər azalmışdır.Alınan nəticələrin təhlili gənc nəslin inkişafı üşün vacib olan maarifləndirici-əyləncəli proqramlara ayrılan vaxtın AzTV-də 2012-ci ildə 3,9% artımını, yəni (+3,9%) aşkar etmişdir. Digər telekanallarda 2012-ci ildə bu dəyişiklik belə olmuşdur: ATV (+31,9%), İTV (–19,1%), ANS TV (+19,5%), Lider TV (+25,5%), Space TV (–18,5%), Xəzər TV (–3,8%). Regional telekanallarda da müəyyən dəyişikliklər var: Dünya TV (+11,6%), Kanal S (+13,2%), MTV (–11,1%), Cənub TV (–51,4%).

“Əfsuslar olsun ki, artıq iki il fəaliyyət göstərən İdman TV-nin sağlam həyat tərzinin və milli idmanımızın şanlı tarixinin təbliği, ayrı-ayrı idman növləri üzrə təlim verilişlərinin göstərilməsi sahəsində potensialı hələ də istifadə edilmir” – deyə, İ.Yaqubova vurğuladı.

2011-ci ildə olduğu kimi bu il də yalnız İTV-də uşaqlar üçün gündəlik axşam verilişi yayımlanır (“Biri var imiş, biri yox imiş”). Ümumiyyətlə bir çox kanallarda uşaqlar üçün verilişlər hər gün yox, həftədə bir neçə günü ərzində göstərilir. Uşaq verilişləri əvəzinə isə böyüklər auditoriyasına ünvanlanmış, uşaq psixikasına mənfi təsir göstərən müxtəlif şou-biznes, əyləncəli verilişlər, həyatdan uzaq olan seriallar yayımlanır və intensiv təbliği həyata keçirilir. Misal üçün, Space TV-nin “Hər səhər” musiqili informasiya proqramında hər səhər əsas müzakirə obyekti “Bu zalım dünyada doğulma” serialıdır.

İradə Yaqubovanın fikrincə, çox ailələrdə yalnız bir televizor var, nəticədə uşaqlar böyüklərin baxdığı verilişlərə baxmağa məcbur olurlar. Bu zaman hətta filmin baxılmasına yaş məhdudiyyəti haqqında xəbərdarlıq işarələrinə riayyət etmək böyüklərdən asılı olur. Həyat təcrübəsinə malik olmayan uşaqlar çox vaxt tamaşa etdiklərinin nəyin həqiqət, nəyin isə uydurma olduğunu, nəyi nümünə kimi qəbul etmək, nədən isə qaçmaq lazım olduğunu ayıra bilmək iqtidarında deyil.

Beliklə monitorinq zamanı aşkar edilən problemlər:

  1. Bir il ərzində Azərbaycanın efir məkanında uşaq verilişlərinə ayrılan vaxt orta hesabla azalmış, əvəzində isə cəmiyyətin mənəvi inkişafına mənfi təsir edən müxtəlif aşağı səviyyəli verilişlərin sayı artmışdır;
  2. Əvvəlki kimi uşaq və yeniyetmələr auditoriyasına təqdim olunan verilişlərin əsas hissəsini bədii,animasiya və cizgi filmləri təşkil edir, maarifləndirici-əyləncəli verilişlərin sayı isə olduqca azdır (onların ümumi efir vaxtı verilişlərin təkrarı hesabına toplanır);
  3. Uşaq verilişlərin efirə çıxdığı vaxtın əvvəlcədən tərtib edilmiş və bəyan edilmiş proqrama uyğunluğu gözlənilmir;
  4. Hər bir kanalın özünün dubyaj etdiyi uşaq filmlərinin (bədii, animasiya, cizgi) keyfiyyətinin aşağı olması, körpələrin sevimli cizgi qəhrəmanlarının səslərinin müxtəlif kanallarda müxtəlifcür səsləndirilməsi qabarıq şəkildə özünü biruzə verir. Ümumiyyətlə dublyaj sahəsində vəziyyət heç də ürəkaçan deyil.
  5. Uşaqların televizora baxmağı üçün münasib vaxtda yad mədəniyyəti və milli ənənələri təbliğ edən, yanlış dünyagörüşü yaradan teleseriallar və ya milli ənənələrimizə zidd olan “Toy olsun”, “Onun yarısı” kimi əyləncəli verilişlər verilir. Bu isə formalaşmamış uşaq süuruna mənfi təsir göstərir və acı nəticələr artıq göz önündədir;
  6. Uşaq və gənclər verilişləri beynəlxalq təcrübədən fərqli olaraq uşaq psixoloqları, mütəxəssislərin iştirakı olmadan tərtib olunur, tamaşaçılarla müzakirə edilmir və çox vaxt bu verilişlərin müəllifləri belə məlum deyil. Bütün bunlar uşaq verilişlərinin keyfiyyətinə mənfi təsir göstərir ki, bu da problemin dəfələrlə mətbuatda müzakirə olunması və artıq cəmiyyətdə formalaşmış rəylə təsdiqlənir.

Bəstəkarlar İttifaqının məsul katibi Lalə Hüseynova özəl telekanalların uşaq verilişləri ilə bağlı siyasətini tənqid etdi dedi ki, bu məsələ ictimai rəy olmadan həll oluna bilməz. Onun fikrincə, bu gün telekanallarda peşəkarlar işləməlidir ki, verilişlər də keyfiyyətli və məzmunlu olsun.

Dünya TV-nin səlahiyyətlisi Rais Bəhrami özəl telekanallarda baş verən prosesləri maliyyə problemləri ilə izah etdi. Onun sözlərinə görə, dövlət tərəfindən maliyyələşən AzTV və İctimai TV-dən fərqli olaraq, özəl telekannallar reytinqə işləmək və gəlir əldə etmək məcburiyyətindədirlər. Azərbaycanfilm Kinostudiyasının direktoru Müşviq Hətəmov “Əfsuslar olsun ki, bu gün uşaq proqramlarının hazırlanması metodikası yoxdur”, – deyə iradını bildirdi. Muğam Teatrının direktoru Arif Qaziyev isə hesab edir ki, telekanallarda milli dəyərlər, ana-ataya hörmət və məhəbbəti aşılayan verilişlər hazırlanmalıdır. İctimai TV-nin proqram rəhbəri Rafiq Nəbiyev müzakirə obyekti olan məsələnin əslində uşaq verilişlərini hazırlayanların qeyri-peşəkarlığı ilə bağlı olduğunu qeyd etdi. Onun qənaətinə görə, bu, təkcə telekanalların deyil, bütövlükdə cəmiyyətin bəlasıdır. İctimai Televiziya milli dəyərləri hər zaman qoruyur və peşəkarlarla işləməyə üstünlük verir.

Sonda dəyirmi-masa iştirakçıları prezidentə müraciət ünvanlamaq haqqında qərar qəbul edib.Gənc nəslin cəmiyyətimizin hərtərəfli inkişaf etmiş üzvü kimi formalaşmasında televiziyanın effektivliyinin artırılması məqsədi ilə təklif edilir:

  1. Yayımlanan televerilişlərin uşaqlarımızın bir şəxs kimi formalaşmasına təsirini nəzərə alaraq verilişlər proqramının tərtibatına yanaşma dəyişdirilməlidir;
  2. Bütün ölkə ərazisinə yayımlanan uşaq televiziya kanalının açılması zəruri və mütləqdır. Məhz bu telekanalda uşaq və gənclərin müxtəlif yaş qruplarının maraqları və xüsusiyyətləri nəzərə alınaraq yüksək səviyyəli, milli-mənəvi dəyərlərə uyğun, peşəkarların iştirakı ilə mükəmməl verilişlərin hazırlanması mümkün ola bilər. Uşaq verilişlərinin milli bazasının yaradılması vaxtı artıq çatmışdır.
  3. Gənc nəslin mədəni, milli, əxlaqi və mənəvi formalaşmasında vacib rol oynayan milli uşaq verilişlərinin (əyləncəli və maarifləndirici verilişlər, bədii, animasiya, cizgi və elmi-kütləvi filmlər) sayının az olduğunu nəzərə alaraq və bu sahədə ciddi dönüşün yaradılmasında dövlət dəstəyini zəruri hesab edərək ölkə Prezidentinə maliyyə dəstəyinin göstərilməsinə dair müraciət etmək;
  4. Müvafiq qanunvericilikdə uşaq və yeniyetmələrə dair mövcud boşluğu nəzərə alaraq uşaq və yeniyetmələrin mədəni və mənəvi tərbiyələndirilməsinə yönəlmiş və bu sahədə dövlət strategiyasını əks etdirən “Uşaq Siyasətinə dair Milli Strategiya” qəbul edilməlidir. Sənədin hazırlanmasına müvafiq dövlət qurumları ilə bərabər vətəndaş cəmiyyətinin təmsilçiləri də cəlb olunmalıdır.

Qeyd edək ki, monitorinq “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin 2011-ci ilin yanvar ayından könüllülük prinsipi və təşkilatın daxili imkanları hesabına həyata keçirdiyi “Vətəndaş cəmiyyəti gələcəyimiz naminə” layihəsi çərçivəsində aparılmışdir.

« 1 of 2 »

11.04.2012