«ELS» Araşdırmalar Mərkəzi 800 məntəqədə «Exit-poll» və «Quick-count» keçirəcək

iradaİRADƏ YAQUBOVA: «BUNUNLA BAĞLI MƏRKƏZİ SEÇKİ KOMİSSİYASINA MÜRACİƏT ETMİŞİK»

Bu il ölkəmizdə keçirilən prezident seçkilərində bir sıra araşdırma mərkəzləri müxtəlif tədqiqatlar aparır. «ELS» Müstəqil Araşdırmalar Məkəzi isə bu ilki seçkidə respulikanı əhatə edən «Exit-poll» və «quick-count» tədqiqatını aparacaq. Mərkəzin bu istiqamətdə apardığı işlər barədə təşkilatın rəhbəri İradə Yaqubova ilə söhbət etdik.

-İradə xanım, seçkilərdə «Exit-poll» aparacaq bir mərkəz kimi hazırlıq mərhələsində hansı işləri görmüsünüz?

-İlk növbədə qeyd etməliyəm ki, bu il keçirilən prezident seçkilərində ölkə ərazisində mövcud olan təxminən 5150 məntəqədən 500-də «Exit-poll» və «quick-count» tədqiqatlarının keçirilməsini Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasını (AVCİYA) ilə birlikdə nəzərdə tutmuşuq. Bu tədqiqatların keçirələcəyi məntəqələr xüsusi riyazi proqrama əsasən seçilib və bütün mövcud 125 seçki dairələsini əhatə edir. Tədqiqatlara 1000 nəfərdən artıq şəxs intervüer qismində və 200-ə yaxın – supervayzer, yəni sorğunun gedişatına nəzarət edən kimi cəlb edilib.

Seçimə düşən «Exit-poll» məntəqələrində eyni zamanda «Quick-count» tədqiqatının da keçirilməsi nəzərdə tutulub. Bu tədqiqatı keçirmək üçün 500 müşahidəçi hazırlanır.

Göründüyü kimi, tədqiqat zamanı biz 2000-ə yaxın insanla işləyəcəyik. Bunları hazırlamaq özü böyük bir zəhmət tələb edir və buna görə də hazırlıq mərhələsinin özü bir neçə mərhələyə bölünür. İlk mərhələdə seçim aparılır, yəni yerlərdə AVCİYA-nın mövcud şəbəkəsindən istifadə etməklə intervüer, müşahidəçi və supervayzerlər seçilir. Bir məqamı qeyd edim ki, adı çəkilən tədqaqtalardan başqa AVCİYA bütün seçki məntəqələrində seçki prosesini müşahidə etməyi planlaşdırır və bunun üçün kadrlar hazırlayır.

Artıq birinci mərhələ başlayıb və bu ayın 22-də bitmək üzrədir. Treninqlər keçirilir, tədqiqatda iştirak edənlərin dəqiq siyahıları müəyyənləşdirilir və sənədlər toplanılır. Sentyabrın 25-də namizədlərin dəqiq siyahısı təsdiqlənməlidir. Buna görə də ikinci hazırlıq mərhləsinə sentyabrın 27-dən start veriləcək və oktyabrın 5-ə başa çatdırılacaq.

Eyni zamanda hazırlıq mərhələsinə səsvermə günü ötürülən məlumatı qəbul edən telefonçular və bu məlumatları kompüterə daxil edən operatorların hazırlanması da daxildir. Belə ki, paralel olaraq biz 100-ə yaxın telefonçu və operatorları oktyabrın əvvələrində treninqə cəlb edəcəyik.

-«Exit-poll» və «quick-count» tədqiqatları hansı qaydada aparılır?

– Ümumiyyətlə, «Exit-poll» çıxışda sorğu deməkdir və bununla bağlı bizim hazırladığımız intervüerlər müəyyən olunan qaydalara əsasən seçki məntəqələrinin çıxışında dayanacaqlar və seçki məntəqəsindən çıxan seçicilərə «Exit-poll» suallarını cavablandırmağı təklif edəcəklər. Bundan başqa anketin doldurulması, onların anonimliyinin qorunması və s. bu kimi məsələlər seçiciyə izah olunacaq. Seçicilər isə anketi doldurub, şəffaf qutulara atacaqlar. Seçki günü gündüz saatlarında 11.00, 13.00, 15.00, 17.00 və 19.00 radələrində həmin qutular açılacaq, anketlərdə olan məlumatlar dərhal mərkəzə ötürüləcək. Qeyd edim ki, məlumatların ötürülməsi zamanı sorğu dayandırlmayacaq və intervüerin biri anktelər barədə mərkəzə məlumat verərkən, digəri tədqiqatı davam etdirəcək. Seçki bitəndən sonra alınan məlumatlar hesablanacaq və ictimaiyyətə açıqlanacaq.

Bundan başqa qeyd etdiyim kimi təşkilatımız «Quick-count» tədqiqatını aparacaq. «Quick-count» tərcümədə «tez hesablanma» deməkdir və «Exit-poll» aparılan məntəqələrdə müşahidə aparan müşahidəçilər seçkinin bitməsilə bülletenlər hesablandıqdan sonra protokolun bəndlərinə uyğun məlumatları bizə çatdıracaq. Yəni, protokolda qeyd olunan məntəqədəki seçicilərin sayı, ümumi və etibarlı, etibarsız bülletenlərin sayı və hər bir namizəd üçün toplanmış səslərin sayı dərhal mərkəzə çatdırılır. Bütün məntəqələrdən gələn məlumatlar kompüterdə topladıqdan sonra hesablanıb qısa müddətdə ictimaiyyətə açıqlanacaq.

-«Exit-poll»un keçirilməsi ilə bağlı Mərkəzi Seçki Komissiyasına (MSK) təşkilat tərəfindən müraciət edilibmi?

-Bu il belə qərar qəbul edilib ki, «Exit-poll» keçirən təşkilat MSK-da qeydiyyatdan keçməlidir. Tərəfimizdən MSK-ya artıq məktubla müraciət edilib və burada təşkilatımızın «Exit-poll» və «Quick-count» tədqiqatlarının keçirilməsi ilə bağlı onlar məlumatlandırılıb. Eyni zamanda bu məktubda təşkilat haqqında da qısa məlumat verilib. Beləliklə onlar bu məlumatı əldə ediblər və biz fəaliyyətimizi qanun çərçivəsində davam etdiririk.

– İntervüer və supervayzerlərlə bağlı hər hansı problemlər yaranırmı?

– Yerlərdə fəal insanlar çoxdur və biz əsasən bir problemlə qarşılaşırıq. Bu da yerlərdə 45-50 yaşından yuxarı olan vətəndaşların intervüer kimi işləmək istəyi ilə bağlı olan məsələdir. Lakin intervüer kimi ilk növbədə gənclərlə əməkdaşlıq etməkdir. Bütün dünyada seçicilərin ən passiv bir təbəqəsi kimi məlum olan bu yaş kateqoriyasında seçkilərə marağının oyadılması, onların ictimai proseslərin fəal iştirakçısına çevrilməsi cəmiyyətimizin fəal üzvləri kimi formalaşmasına kömək edir.

Təşkilatımızın başqa bir problemi yoxdur. Bəlkə də bu təşkilatımızın artıq tanınması ilə bağlıdır. Yerlərdə icra strukturları tərəfindən heç bir müdaxilələrə rast gəlinməyib.

-Azərbaycandakı beynəlxalq təşkilatlar «ELS» Araşdırmalar Mərəkəzinin apardığı treninqlərdə iştirak ediblərmi?

-Bəli, Lənkəranda keçirilən treninqdə ATƏT-in Bakı ofisinin nümayəndələri Xose Luis Menendez və Botagöz Əbilova iştirak ediblər. Təlim onlar tərəfindən böyük maraqla izlənilib. Onların çox saylı suallarına treninqi keçirən təlimçi və koordinatorlarımız cavab veriblər.

28.09.2008