Bazar günü 11-ci siniflər üçün buraxılış imtahanı keçirilib

Aprelin 14-də Dövlət İmtahan Mərkəzi (DİM) 27 şəhər və rayonda ümumtəhsil müəssisələrinin 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı keçirib. DİM-dən Trend-ə verilən məlumata görə, ümumilikdə 28 919 şagirdin imtahana iştirak edib.

İmtahanda şagirdlərin bilik və bacarıqlarını yoxlamaq məqsədi ilə tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə ümumilikdə 85 tapşırıq təqdim edilib. Saat 11-də başlayan imtahan 3 saat davam edib.

Qeyd edək ki, imtahanda şagirdlərin xarici dil üzrə dinləyib-anlama bacarıqları da yoxlanılıb. İmtahan dinləmə mətninin səsləndirilməsi ilə başlayıb. Mətnin səsləndirilməsinə hazırlıq və binada sakitliyin təmin olunması ilə əlaqədar imtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10:45-də buraxılış rejimi başa çatıb. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılıb.

XI sinif şagirdlərinin buraxılış imtahanlarının keçirilməsi üçün qeyd olunan şəhər və rayonlarda ümumilikdə 68 imtahan mərkəzi ayrılıb. Bəzi imtahan binalarına giriş zamanı imtahan iştirakçılarının şəxsiyyətini dəqiqləşdirmək məqsədilə “Face Recognition” (üzün tanınması) texnologiyasına əsaslanan proqram-texniki vasitələrdən istifadə olunub. Bu texnologiyanın tətbiq edilməsində əsas məqsəd şagirdlərin imtahan binasına buraxılış rejimini daha surətli həyata keçirmək və qeydiyyatdan keçmiş şagirdlərin əvəzinə başqa bir şəxsin imtahan binasına daxil olmasının qarşısını almaqdır.

İmtahanda 28 919 (Sumqayıtda 3381, Abşeronda 2860, Gəncədə 2661, Göygöldə 726, Samuxda 454, Naftalanda 54, Goranboyda 1032, Daşkəsəndə 194, Şəki 1641, Oğuzda 474, Qəbələdə 1151, Lənkəran 1514, Astara 717, Biləsuvarda 743, Ağsuda 518, Zərdabda 419, Şamaxıda 638, Kürdəmirdə 921, Ağdamda 657, Yevlaxda 1062, Bərdədə 1512, Tərtərdə 673, İmişlidə 1154, Saatlıda 663, Sabirabadda 1155, Xaçmazda 1430, Şabranda 515) nəfər 11-ci sinif şagirdi iştirak edib.

İmtahanların idarə olunmasına 68 ümumi imtahan rəhbəri, 218 imtahan rəhbəri, 2342 nəzarətçi‑müəllim, 226 buraxılışı təşkil edən əməkdaş, 68 bina nümayəndəsi iştirak edib.

Qeyd edək ki, I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqə zamanı abituriyentlərin buraxılış imtahanından əldə etdikləri nəticələri də nəzərə alınacaq və qəbul imtahanından toplanılan balın üzərinə əlavə olunacaq. Buraxılış imtahanlarının (qəbul imtahanlarının I mərhələsinin) nəticələri iki il qüvvədə olur və cari və növbəti tədris illərində abituriyentə I, II, III, IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında (II mərhələdə) eləcə də V qrup üzrə ali təhsil müəssisələrinin və kolleclərin müsabiqəsində iştirak etmək hüququ verir.

V ixtisas qrupu (xüsusi qabiliyyət tələb edən ixtisaslar) və orta ixtisas təhsili müəssisələri üzrə də müsabiqə buraxılış imtahanının nəticələrinə əsasən aparılacaq.

15.04.2019