ABŞ-ın Pitsburq şəhərinin meri 28 may tarixini Azərbaycan Günü elan edib

Amerikanın ən tarixi aparıcı mədəniyyət və iqtisadi mərkəzlərində olan Pitsburq şəhərinin meri cənab Uilyam Peduto Azərbaycan Demokratik Respublikasının 101-cü ildönümü və Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi ilə əlaqədar olaraq rəsmi bəyannamə verib.

Trend-in Azərbaycanın ABŞ-dakı səfirliyinə istinadən verdiyi məlumata görə, bəyannamədə 1918-ci il 28 may tarixində Müsəlman Şərqində ilk dünyəvi parlamentli respublika olan Azərbaycan Demokratik Respublikasının qurulması və dünyanın digər demokratik dövlətləri, o cümlədən ABŞ tərəfindən tanınması qeyd olunur. Sənəddə bildirilir ki, Azərbaycan Demokratik Respublikası müstəqilliyinin qısa müddət ərzində irqi, cinsi, etnik və ya dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara bərabər seçki hüququnu tanımaqla yanaşı müsəlman dünyasında ilk dəfə olaraq qadınlara seçki hüququnun verilməsini təmin etmişdir.

Eyni zamanda sənəddə Azərbaycan Demokratik Respublikasının 1920-ci ildə öz müstəqilliyi uğrunda mübarizə aparmasına rəğmən onun Sovetlər Birliyinin tərkibinə daxil edildiyi və 1991-ci ildə yenidən öz müstəqilliyini bərpa etməyə nail olduğu vurğulanır.

Qeyd edilir ki, Azərbaycan son 28 il ərzində öz suverenlik və müstəqilliyini möhkəmləndirmiş və hazırda vacib əhəmiyyətli regionlardan olan Xəzər regionunda ABŞ-ın müttəfiqi və strateji tərəfdaşıdır.

Bəyannamədə, 2019-cu ildə, Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illiyi və Azərbaycan Demokratik Respublikasının 101 illiyinin qeyd olunması ilə əlaqədar olaraq 28 may tarixində Pitsburqda və dünyanın digər yerlərində yaşayan Azərbaycanlılar tərəfindən Milli Gün olaraq qeyd ediləcəyi və öz əcdadlarının Qafqaz, Mərkəzi Asiya və Orta Şərqdə demokratiyanın yayılması üçün töhfələrinin xatırlanacağı qeyd edilir.

Sonda şəhərin meri Uilyam Peduto imzaladığı bəyanatda 2019-cu il 28 may tarixini Pitsburqda Azərbaycan Günü elan edir.

3.05.2019