1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

DSC08204Uşaqların Beynəlxalq Müdafiəsi Günü (International Children’s Day) qədim beynəlxalq bayramlardan biridir. Onu keçirilməsi haqqında qərar 1925-ci ildə Cenevrədə uşaqların rifahı məsələlərinə həsr olunan Ümumdünya Konfransında qəbul edilmişdir.

İkinci Dünya müharibəsindən sonra, uşaqların sağlamlığı və əmin-amanlığının qorunması məsələlərinin aktual olduğu bir vaxtda 1949-cu ildə parisdə Qadınların Konqresi keçirildi və orada uşaqların xoşbəxtliyinin yeganə təminatı kimi uzunmüddətli sülh uğrunda daimi mübarizə andı səsləndi.

Bir ildən sonra 1 iyun 1950-ci ildə ilk dəfə olaraq Uşaqların beynəlxalq Müdafiəsi Günü keçirildi və həmin tarixdən bu bayram artıq ənənə halı alıb. Təşəbbüsü dəstəkləyən BMT uşaqların hüquqları, həyatı və sağlamlığının müdafiəsini fəaliyyətinin prioritet istiqamətlərindən elan etmişdir.

Uşaqların Beynəlxalq Müdafiəsi Günü dünya ictimaiyyətinin uşaqların müharibə təhlükəsindən müdafiəsi, sağlamlığının qorunması, demokratik şəkildə tərbiyə və təhsillərinin həyata keçirilməsi uğrunda səfərbər olunduğu bir gündür.

1.06.2013